...

Aydın Mirzəzadə: Ermənistanın təşkil etdiyi hərbi parad sadəcə gülüş doğururdu

Siyasət Materials 21 Sentyabr 2011 16:55 (UTC +04:00)
Ermənistanın müstəqillik günü ilə bağlı təşkil etdiyi hərbi parad sadəcə olaraq gülüş doğururdu.
Aydın Mirzəzadə: Ermənistanın təşkil etdiyi hərbi parad sadəcə gülüş doğururdu

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Ermənistanın müstəqillik günü ilə bağlı təşkil etdiyi hərbi parad sadəcə olaraq gülüş doğururdu. Bunu çərşənbə günü Trend-ə Azərbacan Milli Məclisinin deputatı Aydın Mirzəzadə deyib.

"Köhnə texnika, nizamsız hərəkətlər, bu gün müstəqil dövlətin atributu olan ordunun zəif görüntüsü. Parad yalnız bu təəssüratlar yaratdı. Ermənistan təbliğat maşınının uzun müddətdən bəri hərbi parad haqqında söylədiklərinin reallığa uyğun olmadığını, paradın zəif və qüsurlu olduğunu gördük. Ermənistan ordusu zəifdir və köhnə texnikalar nümayiş olundu", - Mirzəzadə əlavə edib.

Millət vəkili qeyd edib ki, ortaya çıxarılan texnikanın bəzi hissəsi sadəcə olaraq Ermənistan Silahlı Qüvvələrində yoxdur.

"Prinsipcə, Ermənistan bu hərbi paradı keçirməsəydi, daha yüksək imicdə olardı", - o vurğulayıb.

Mirzəzadə hesab edir ki, parad siyasi cəhətdən səhv qurulmuşdu. Onun sözlərinə görə, paradda Rusiya Silahlı Qüvvələrinin Ermənistanda olan hərbi hissələrindən dəstələrin iştirak etməsi Ermənistanın müstəqil dövlət olmasını sual altında qoyurdu.

"Digər tərəfdən işğal etdiyi Azərbaycan ərazilərində yaşayan əhalidən düzəldilmiş bir hərbi hissənin orada "müstəqil Artsax"ın qoşunu kimi keçməsinin özü də Ermənistanın işğalçı ölkə olduğunu, müstəmləkəçi ekspedisiyasını, guya "müstəqil dövlətin" hərbi hissəsinin paradda iştirakı Ermənistanın hərbi-siyasi ideologiyasının zəif olduğunu, bugünkü tələblərə cavab vermədiyini göstərir", - millət vəkili deyib.

Mirzəzadə bildirib ki, Rusiya silahlı birləşmələrinin bu paradda iştirak etməsinə görə Azərbaycan cəmiyyəti Rusiya tərəfinə bir sual ünvanlamalıdır: hansı səbəbdən Rusiyanın hərbi dəstələri Ermənistanın hərbi paradında iştirak ediblər?

"Əgər hərbi baxımdan iştirak edirdilərsə, onda gərək orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan digər ölkələrin də hərbçiləri iştirak edərdilər. Bir qayda olaraq, bir ölkənin hərbi paradında həmin ölkənin milli hərbi dəstələri iştirak etməlidirlər. Digər ölkənin hərbi hissələrinin iştirak etməsi həmin ölkənin müstəqilliyini sual altında qoyur. Şübhəsiz, biz dostumuz, müttəfiqimiz Rusiyaya da sual ünvanlayırıq: bizim torpaqlarımızı işğal etmiş bir ölkənin hərbi paradında ərazimizi dəstəkləyən Rusiyanın hərbi hissələrinin o paradda iştirakında siyasi məqsəd nə idi?" - Mirzəzadə deyib.

Xəbər lenti

Xəbər lenti