...

Azərbaycan və Kolumbiya arasında iki sənəd imzalanıb

Siyasət Materials 21 Sentyabr 2011 20:00 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Azərbaycan və Kolumbiya arasında iki sənəd imzalanıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk görüş Uruqvayın xarici işlər naziri Luis Almaqro ilə olub. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Məmmədyarov Cənubi Qafqaz regionu, Azərbaycanın regionda rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon da daxil olmaqla, ərazisinin 20 faizinin işğal edildiyi, Ermənistanın apardığı etnik təmizləmə nəticəsində bir milyonadək azərbaycanlı qaçqın və məcburi köçkünün olduğu, münaqişə ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi qətnamələr, ATƏT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar, habelə münaqişənin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə Uruqvayın xarici işlər nazirinə ətraflı məlumat verib.

Luis Almaqro Uruqvay tərəfinin də Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu bildirib. Uruqvayın beynəlxalq hüququn norma və prinsiplərinə önəm verdiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də beynəlxalq hüquqa uyğun olaraq həll olunmasının tərəfdarı olduğunu vurğulayıb. Almaqro Uruqvay dövlətinin ədalətli mövqe tutması üçün məsələnin dərindən öyrənilməsində maraqlı olduğunu və hərtərəfli məlumat əldə edilməsinin vacib olduğunu qeyd edib. Bununla əlaqədar olaraq iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin aparılması məqsədi ilə qarşılıqlı səfərlər mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Sonra nazir Elmar Məmmədyarov ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə təşkil edilmiş "Açıq Hökumət" Tərəfdaşlığı görüşündə iştirak edib.

Məmmədyarov Palau Prezidenti Conson Toribionq, Trinidad və Tobaqonun xarici işlər naziri Suracrattan Rambaçan və Kolumbiyanın xarici işlər naziri Maria Ancela Holquin ilə də görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Kolumbiya xarici işlər naziri ilə görüş zamanı Azərbaycan və Kolumbiya hökumətləri arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında saziş və Azərbaycan və Kolumbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında anlaşma memorandumu imzalanıb.

Xəbər lenti

Xəbər lenti