...

Parlamentlərarası dostluq qrupunun rəhbəri: Argentina yaxın vaxtlarda Azərbaycanda səfirliyinin açılmasına çalışır

Siyasət Materials 27 Sentyabr 2011 12:58 (UTC +04:00)
Argentina yaxın vaxtlarda Azərbaycanda səfirliyinin açılmasına çalışır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisdə görüşü zamanı Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleron deyib.
Parlamentlərarası dostluq qrupunun rəhbəri: Argentina yaxın vaxtlarda Azərbaycanda səfirliyinin açılmasına çalışır

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Argentina yaxın vaxtlarda Azərbaycanda səfirliyinin açılmasına çalışır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisdə görüşü zamanı Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleron deyib.

Azərbaycanda səfərdə olan Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri sentyabrın 27-də Milli Məclisdə olub.

Mouilleron argentinalı deputatların səfər çərçivəsində çox səmərəli görüşlər keçirdiyini, Azərbaycan ilə bağlı olduqca zəngin məlumatlar əldə etdiyini bildirib.

O qeyd edib ki, Azərbaycan zəngin mədəniyyətə, təbii sərvətlərə malik tolerant ölkədir.

"Siz müstəqilliyinizi bərpa etdikdən sonra qısa zamanda - 20 ildə çox böyük inkişaf yolu keçmisiniz. İnanırıq ki, bu inkişaf davamlı olacaq və Azərbaycan daha böyük uğurlar qazanacaq", - Mouilleron deyib.

Azərbaycan-Argentina parlamentlərarası işçi qrupunun rəhbəri Rüstəm Xəlilov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Argentina ilə də sıx əlaqələr qurub.

O, argentinalı deputatların bu səfərindən sonra iki ölkə arasında parlamentlərarası əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Xəlilov Azərbaycanın sosial-iqtisadi inkişafı, regiondakı mövqeyi barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, Argentina ilə təkcə siyasi deyil, iqtisadi əlaqələrin, eləcə də ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar var. O, Bakıda Argentinanın səfirliyinin açılmasının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

İşçi qrupunun rəhbəri Ermənistanın Azərbaycana hərbi təcavüzünün acı nəticələrindən söz açıb, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacağına və Argentinanın rəsmi Bakının ədalətli mövqeyini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti