Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisinin payız sessiyasının gündəliyinə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi çıxarılıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü parlamentin payız sessiyasının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Milli Məclisin payız sessiyası sentyabrın 30-da öz işinə başlayır.
Onun sözlərinə görə, həmçinin parlamentin payız sessiyasında "Şəhərsalma və tikinti məcəlləsi", "Təhsil krediti haqqında", "Ali təhsil haqqında", "Pasientin hüquqları haqqında", Mədəniyyət haqqında", "Muğam sənəti haqqında", "Kənd təsərrüfatı kooperasiyası" 2-ci oxunuşa, "Bələdiyyələrin hesabatı haqqında" qanun layihələri parlamentin 1-ci oxunuşuna təqdim olunacaq.
Təvəkküloğlu bildirib ki, payız sessiyasında "Rəqabət məcəlləsi" və "Həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin olunması haqqında" qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılır.
O qeyd edib ki, payız sessiyasının ilk plenar iclasında 27 məsələyə baxılacaq.