Fransa, Strasburq, 3 oktyabr /Trend, müxbir A.Məhərrəmli/
AŞ PA azyaşlı uşaqlara qarşı həyata keçirilən cinayətlərə susmamalıdır. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın bazar ertəsi öz işinə başlayan payız plenar sessiyasında çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva erməni hərbçilər tərəfindən Aygün Şahmalıyevanın qətlinə toxunarkən deyib.
"Mən Ermənistanla sərhəd bölgələri təmsil edirəm. Bu ilin iyul ayında 13 yaşlı bir qız uşağı, Aygün Şahmalıyeva erməni hərbçilər tərəfindən qətlə yetirilib. Assambleyamız azyaşlı uşaqlara qarşı həyata keçirilən bu cür cinayətlərə susmamalıdır. Aygünün ailəsi Sizdən etiraz səsinizi ucaldacağınızı və bu hadisəni törədən cinayətkarların cəzalandırılması istiqamətində səylərinizi artıracagınızı gozləyir", - Paşayeva bildirib.
Bu ilin iyulunda Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.
Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.