...

İlham Əliyev Bakının Ziya Bünyadov prospektində tikintisi davam etdirilən müxtəlif səviyyəli yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olub (FOTO)

Siyasət Materials 4 Oktyabr 2011 16:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı çərçivəsində paytaxtın Ziya Bünyadov prospektində tikintisi davam etdirilən müxtəlif səviyyəli yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olub
İlham Əliyev Bakının Ziya Bünyadov prospektində tikintisi davam etdirilən müxtəlif səviyyəli yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olub (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı çərçivəsində paytaxtın Ziya Bünyadov prospektində tikintisi davam etdirilən müxtəlif səviyyəli yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olub.

Trend-in məlumatına görə, dövlətimizin başçısına məlumat verildi ki, bu ərazidə Ziya Bünyadov prospektindən Böyük Şor dairəsi istiqaməti üzrə beş yol qovşağı və ötürücüsü tikiləcək.

Prospektin 9 min 150 metr uzunluğunda avtomobil yolları və qovşaqlarının yenidən qurulması da nəzərdə tutulur. Yol qovşaqlarından biri Alı Mustafayev, Əbdülvahab Salamzadə, Hüseynbala Əliyev küçələri ilə Ziya Bünyadov prospektinin kəsişməsində - Xutor dairəsində inşa olunur. Yol qovşağında uzunluğu 620, 260, 522 metr, eni isə 22 və 10 metr olan üç tunel tikiləcəkdir. Bundan başqa, sakinlərin gediş-gəlişini asanlaşdırmaq üçün uzunluğu 170 metr olan üç piyada keçidi də inşa olunacaq. Tikinti işlərinə bu ilin əvvəlində başlanıb.

Sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində tikilən yol qovşağının sxemi ilə tanış oldu. Məlumat verildi ki, bu yol ötürücüsünün uzunluğu 328, eni isə 28 metrdir. Tikintisinə bu ilin əvvəlində başlanılan layihənin sifarişçisi Nəqliyyat Nazirliyidir.

Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində dəmir yolu xətti üzərindən keçən yol ötürücüsünün texniki göstəriciləri ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, yenidən qurulacaq yolun uzunluğu 452, eni 27 metrdir. Hazırda işlərin 70 faizdən çoxunun başa çatdırıldığı yol ötürücüsündə altı hərəkət zolağı olacaq.

Dövlətimizin başçısı Ziya Bünyadov prospekti ilə Böyük Şor küçəsinin kəsişməsində inşa edilən yol qovşağının sxeminə də baxdı. Tikintisinə bu ilin mayında başlanılan tunelin ümumi uzunluğu 610, eni 26,5, hündürlüyü isə 5,5 metrdir. Tuneldə altı hərəkət zolağı olacaq.

Daha sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində tikilən tunelin sxemi ilə tanış oldu. Altı hərəkət zolağının olacağı tunelin ümumi uzunluğu 800, eni 26 metrdir. Yol qovşağının tikintisi ilə yanaşı, Müzəffər Nərimanov küçəsi də yenidən qurulacaq.

Dövlətimizin başçısına məlumat verildi ki, Ziya Bünyadov prospektində tikilən 5 yol qovşağında işlərin 2012-ci ilin sonunda başa çatdırılacağı nəzərdə tutulur.

Prezident İlham Əliyev yol qovşaqları və avtomobil yollarının tikintisinin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti