Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Hacıyev/
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndə heyəti Avropa Xalqları Partiyasının dəvəti ilə Brüsselə səfər edəcək. Bu barədə cümə günü Trend-ə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Avropa Xalqları Partiyası (EPP) ilə Yeni Azərbaycan Partiyası arasında səmərəli əməkdaşlıq münasibətləri ildən-ilə inkişaf edir. Bir sıra birgə layihələr həyata keçirilib. Partiyalararası münasibətlərə uyğun olaraq, yeni bir layihənin həyata keçirilməsi nəzərdə tutulub.
YAP Gənclər Birliyinin nümayəndə heyəti Brüsseldə 28 noyabr - 4 dekabr tarixləri arasında səfərdə olacaq. Səfər çərçivəsində nümayəndə heyəti EPP-nin, Avropa İttifaqı və Avropa Parlamentinin baş qərargahında bir sıra görüşlər keçirəcək.
Avropa Xalqları Partiyası Avropanın ən böyük siyasi partiyasıdır. Tərkibinə 39 ölkədən 74 siyasi partiya daxildir.
Yeni Azərbaycan Partiyası 2008-ci ildən Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir və bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.