...

Türkiyə Xarici İşlər Nazirliyi Sarkozinin bəyanatına rəsmi münasibət bildirib

Siyasət Materials 8 Oktyabr 2011 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir T.Hacıyev/

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Nikola Sarkozinin 1915-ci ildə baş verən hadisələrlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərək, bunu "məsuliyyətsiz və məntiqsiz bəyanat" adlandırıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər yayıb.

"Ermənistanla Türkiyə arasında olan anlaşılmazlığı Sarkozinin özünün daxili siyasəti üçün gündəmə gətirməsi, hətta bu məsələni özünün seçki kampaniyasına daxil etmək haqqı olduğunu hesab etməsi onun siyasi səlahiyyətlərini tam dərk etməməsinin göstəricisidir", - Türkiyə XİN bəyan edib.

Nazirliyin bəyanatında deyilir ki, bu cür ciddi məsələyə qeyri-ciddi yanaşma təəssüf doğurur.

"Ermənilərlə uzun ortaq tariximizin kədərli vaxtları, həmin hadisələr bu hadisənin tərəfləri olan və ya Fransa da daxil olmaqla, hadisələrin tərəfi olmayan bəzi ölkələrdən fərqli olaraq, Türkiyədə rahat bir şəkildə müzakirə oluna bilər", - bəyanatda qeyd olunub.

Türkiyə XİN-in bəyanatında o da bildirilib ki, Fransadan gözlənilən bu məsələrə töhfə verməsi, çoxtərəfli Türkiyə-Fransa münasibətlərinə zərər dəyməməsinə xidmət edən və türk xalqı ilə Fransada yaşayan türk ictimaiyyətini məyus edə biləcək yanaşma və bəyanatlardan çəkinməsidir.

Türkiyə 2011-ci ilin sonuna qədər "erməni soyqırımı"nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək. Trend-in erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu sözləri cümə axşamı və cümə günü Ermənistanda səfərdə olan Fransa Prezidenti Nikola Sarkozi saxta "soyqırım qurbanları"nın xatirəsinə düzəldilmiş memorial kompleksi ziyarət edərkən deyib.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti