Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Liviyanın Milli Keçid Şurasının qoşunları ölkənin keçmiş lideri Müəmmər Qəddafi rejiminə tərəfdar olan son şəhər Bəni-Valid üzərində tam nəzarəti müəyyən ediblər. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verib.
Üsyançıların sözlərinə görə, şəhər üzərində nəzarəti müəyyən etmək Qəddafiyə tabe olan qüvvələrlə uzun sürən döyüşlərdən sonra mümkün olub.
Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.
Qəddafinin harada olduğu indiyədək məlum deyil. Onun ailəsinin bir hissəsi- arvadı Safiyə, qızı Aişə, oğlanları Məhəmməd və Hannibal Qəddafi Əlcəzairə qaçıblar.
Fevralda müxalifət Benqazidə Milli Keçid Şurasını yaradıb və o, ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. MKŞ-ni Azərbaycan da daxil olmaqla, təxminən 60 ölkə tanıyıb.