Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri
Suriyada gərginliyin gedərək artması və beynəlxalq ictimaiyyətin bu məsələyə bir o qədər də müdaxilə edə bilməməsi regionda qeyri-sabitliyin hələ uzun müddət sürəcəyindən xəbər verir.
Liviyadan fərqli olaraq, Suriyadakı hadisələrə beynəlxalq güclərin müdaxilə etməməsinin əsas səbəblərindən biri də Suriyanın coğrafi mövqeyi və etnik tərkibidir. Dolayısıyla, əgər Liviyanın etnik tərkibi ərəblər və bərbərlərdən ibarətdirsə, Suriyada ərəblər, kürdlər və digər etnik azlıqlar var, bununla yanaşı, ölkə din və məzhəb baxımından monoton deyil.
Digər tərəfdən, Suriyaya hər hansı hərbi müdaxilə İranla üzləşmək deməkdir, bu isə regionda öz maraqlarını güdən, İraq hadisələrindən sonra hələ ki regionda nisbi sakitliyin tərəfdarı olan Qərbin maraqlarına uyğun deyil.
Buna görə də, Qərb Suriya probleminin həllində Ankaranın daha aktiv olmasının tərəfdarıdır.
Suriya probleminin həlli Türkiyənin də maraqlarına xidmət edir. Belə ki, problem həll ediləcəyi təqdirdə Ankara regiondakı siyasi mövqeyini daha da gücləndirəcək və dost ölkə təsəvvürü bağışlayan İran-Türkiyə əlaqələrindəki gizli rəqabətdə Ankara bir addım öndə olacaq.
Suriyada baş verənləri artıq Dəməşqin daxili işləri hesab etməyən Ankaranın məsələyə müdaxiləsinin qarşısını almaq üçün isə Türkiyəni öz daxili işləri ilə məşğul etmək lazım idi.
Bu səbəbdən də son bir ayda Türkiyə ərazisindəki terror aktlarına PKK (Kürd Fəhlə Partiyası) - Ankara münasibətləri fonunda yaxınlaşmaq doğru olmazdı. PKK-nın Türkiyə ərazisində aktivləşməsinin Bəşşar Əsəd hökumətinin Türkiyənin Dəməşq siyasətinə cavabı olduğu da istisna edilmir.
Əsəd hökumətinin İraq, eləcə də Suriyadakı PKK-çılardan Türkiyə əleyhinə istifadə edəcəyi yenilik deyil və rəsmi Ankara "ərəb baharı"nın PKK tərəfindən "kürd baharı"na çevrilməsindən ehtiyatlanır.
Təbii ki, "ərəb baharı"ndan faydalanan Ankara nəyin bahasına olursa olsun, ehtimal edilən "kürd baharı"nın Türkiyəyə sirayət etməsinin qarşısını almağa çalışacaq.
Ankara üçün real təhlükəSuriya ərazisindəki deyil, İraq ərazisindəki PKK təşkilatıdır və ilk növbədə Türkiyə ABŞ qoşunlarının İraqdan çıxarılmasına qədər terror təşkilatını maksimum zəiflətməyi hədəfləyir.
Çünki Ankara ABŞ qoşunlarının İraqı tərk etməsindən sonra ölkədəki silahların Şimali İraq administrasiyasının və PKK-nın əlinə keçməsindən ehtiyatlanır.
Hətta Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-dan qoşunları İraqdan çıxararkən oradan silah və hərbi texnikanı da çıxartmağı tələb etdi. XİN rəhbəri Əhməd Davudoğlu isə iraqlı həmkarı Huşyar Zibari ilə görüşündən sonra Ankaranın PKK-nın İraq ərazisindən Türkiyəni hədələməsinə dözməyəcəyini bildirdi.
Türkiyə rəsmilərinin bu bəyanatına PKK ilə mübarizədə "aciz qalan" İraqın Kürd administrasiyasının cavabı gecikmədi və administrasiyasının Baş naziri Neçirvan Bərzani Ankaranın terrora silah yolu ilə qalib gələ bilməyəcəyini bildirdi.
Bərzani hər iki tərəfi silahı yerə qoymağa və danışıqlara başlamağa çağırdı.
Çox böyük ehtimal ki, Ankara bu vaxta qədər PKK-ya qarşı ciddi addım atmayan İraqın dialoqa çağırış bəyanatlarını qəbul etməyəcək, çünki danışıqların aparılması terror təşkilatına vaxt qazandırmaqdan başqa bir şey deyil.
Baş verən proseslər onu söyləməyə əsas verir ki, PKK və xüsusən də təşkilatın ölkədəki siyasi qolu hesab edilən BDP (Barış və Demokratiya Partiyası) bu və ya digər şəkildə "kürd baharı"nın olması üçün bütün vasitələrdən istifadə edəcək.