...

Azərbaycan regionları ilə Qazaxıstan vilayəti arasında əməkdaşlıq əlaqələrinin qurulması müzakirə olunub

Siyasət Materials 19 Oktyabr 2011 19:49 (UTC +04:00)
Oktyabr 14-17-də Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədovun Qazaxıstanın Aktyubinsk vilayətinə işgüzar səfəri olub.
Azərbaycan regionları ilə Qazaxıstan vilayəti arasında əməkdaşlıq əlaqələrinin qurulması müzakirə olunub

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir B.Hacıyev/

Oktyabr 14-17-də Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədovun Qazaxıstanın Aktyubinsk vilayətinə işgüzar səfəri olub.

Baş konsulluqdan çərşənbə günü Trend-ə verilən məlumata görə, səfər zamanı Məmmədov Aktyubinsk vilayətinin yeni təyin olunmuş akimi Muxambetov Arximed Beqejanoviç, Aktyubinsk vilayət akiminin iqtisadi məsələlər üzrə müavini Kamalova Roza Kenesovna görüşlər keçirib. Görüşlərdə Azərbaycan ilə Qazaxıstan əlaqələrinin inkişafı, Azərbaycanın regionları ilə Aktyubinsk vilayəti arasında əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi məsələləri müzakirə olunub. Söhbətlər zamanı Aktyubinsk vilayətində həyata keçirilən iqtisadi layihələrdə Azərbaycandan iş adamlarının iştirakının vacibliyi vurgulanaraq, Baş konsulluğun və "Azərbaycanın Qazaxıstanda biznes investisiya" Assosiasiyasının təşkilatçılığı ilə Aktyubinsk vilayətində iki ölkənin iş adamlarının iştirakı ilə görüş və konfransların keçirilməsi, regional biznes forumun təşkil olunması razılığına gəlinib.

Baş konsul "Aktobe" sosial-sahibkarlar koorporasiyasının idarə heyətinin sədr müavinləri Talayev Jaksıbay Utemoviç və Berdenov Almat Serikoviçlə görüşlər keçirib, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və vilayətdə həyata keçirilən iqtisadi layihələr haqqında fikir mübadiləsi aparılıb, azərbaycanlı iş adamlarının iqtisadi layihələrdə iştirakları müzakirə olunub.

Rəşad Məmmədov səfər zamanı "Aktobe-Mərkəz" nəqliyyat-logistika mərkəzinin işi ilə tanış olub, Qazaxıstan Müsəlmanları İdarəsi və Aktyubinsk vilayət akimliyi tərəfindən Aktobe şəhərində təşkil olunmuş və İdarənin rəhbəri Absattar Hacı Derbisalinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın işində iştirak edib.

Səfər çərçivəsində baş konsul Aktyubinsk vilayət akimliyinin dəstəyi ilə Azərbaycan və Qazaxıstanın müstəqilliklərinin bərpa olunmasının 20-ci il dönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Aktyubinsk vilayətində yaşayan azərbaycanlıların milli-mədəni mərkəzinin yaradılmasının 10 illik yubileyində iştirak edib.

Azərbaycanın Aktaudakı baş konsulunun səfəri kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Məmmədov yerli və mərkəzi televiziya kanallarına müsahibələr verib.

Xəbər lenti

Xəbər lenti