...

Ermənistanın MDB məkanında inteqrasiya layihələrinə qoşulmaqda məqsədi Rusiyanı Azərbaycana qarşı qızışdırmaqdır - politoloq

Siyasət Materials 21 Oktyabr 2011 12:43 (UTC +04:00)
Ermənistanın MDB məkanında inteqrasiya layihələrinə qoşulmaqda məqsədi Rusiyanı Azərbaycana qarşı qızışdırmaqdır.
Ermənistanın MDB məkanında inteqrasiya layihələrinə qoşulmaqda məqsədi Rusiyanı Azərbaycana qarşı qızışdırmaqdır - politoloq

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistanın MDB məkanında inteqrasiya layihələrinə qoşulmaqda məqsədi Rusiyanı Azərbaycana qarşı qızışdırmaqdır. Bunu Trend-ə cümə günü Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Rusiya MDB məkanında müxtəlif inteqrasiya layihələrini reallaşdırmaqla özünün təsirini artırmağa çalışır. Bəzən bu addımlar neoimperialist mahiyyətdə başa düşülür. Rusiyanın təqdim etdiyi inteqrasiya layihələrinin məqsədi MDB-nin rublun vahid valyuta olduğu məkana çevrilməsidir", - o deyib.

Əhmədoğlu qeyd edib ki, "Gömrük İttifaqı", "Avrasiya Birliyi" və ya "Azad İqtisadi Zona" ideyaları belə xarakterlidir.

O vurğulayıb ki, MDB məkanındakı inteqrativ ideyalara münasibətdə Ermənistanın mövqeyi Rusiyanı ələ salmaqdan başqa bir şey deyil. "Ermənistanın Baş naziri Tiqran Sarkisyan Rusiya-Ermənistan hökumətlərarası komissiyasının Yekaterinburqda keçirilən iclasında Ermənistanın "Gömrük İttifaqına" daxil olacağını bəyan etdi. Bir neçə ay sonra Avropa Parlamentində çıxış edərkən həmin Sarkisyan Ermənistanın "Gömrük İttifaqı"na daxil olması barədə Rusiyanı alçaldan izah verdi", - Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, Ermənistan MDB məkanındakı inteqrasiya proyektlərində iştirak edə bilməz. "Bu təkcə Ermənistanla Rusiyanın və ya yaradılacaq qurumun coğrafi sərhədlərinin olmaması ilə bağlı deyil. Ermənistan iqtisadiyyatının strukturu, dövlət olaraq Qərb qarşısında götürdüyü öhdəliklər və Ermənistanın strateji inkişaf prioritetləri bu dövlətə rubl məkanına daxil olmağa imkan vermir. Ermənistan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 4,5 milyard dollar borc götürüb. Bu, Ermənistan ÜDM-nin 46 faizi və ya Ermənistanın illik büdcəsinin 250 faizidir. Hazırda Ermənistan öz iqtisadiyyatında Rusiyanın payını sıxışdırmaq, Qərbin payını artırmaqla məşğuldur", - o deyib.

Əhmədoğlunun sözlərinə görə, Ermənistanın MDB məkanındakı inteqrativ layihələrdə iştirakı Rusiyanı ələ salan manevrdir.

"Bununla o, Rusiyanı Azərbaycana qarşı qızışdırır. Guya Azərbaycan həmin layihələrə qoşulsa, coğrafi təmas yaranacaq və Ermənistan bu layihələrdə daha səmərəli iştirak edəcək. Azərbaycan ilk növbədə işğal faktoruna görə Ermənistanla eyni iqtisadi layihələrdə iştirak edə bilmir. Beləliklə Rusiyanın narazılığı Azərbaycana doğru yönəlir", - o deyib.

Politoloq hesab edir ki, Ermənistan Rusiyanı strateji müttəfiq hesab edirsə, Rusiyaya inteqrasiya etmək niyyətindədirsə və MDB məkanındakı layihələrdə iştirakını özü üçün faydalı hesab edirsə, bunun çox asan testi var.

"Vaxtilə fəaliyyət göstərmiş Moskva-Bakı-Yerevan dəmir yolunun açılması ən yaxşı testdir. Ermənistan Rusiyanı lağa qoymursa, onun imici ilə zarafat etmirsə, buyursun, Moskva-Bakı-Yerevan dəmir yolunun açılması xahişi ilə rəsmi Moskvaya və ya rəsmi Bakıya müraciət etsin. Ermənistana gələn yüklərin 85 faizi məhz bu dəmir yolu vasitəsilə daşınırdı. Qalan bütün variantlar Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə tərəf qaçmaq strategiyasının reallaşmasının göstəricisidir", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti