...

AŞ PA qətnaməsi: Avropada bir sıra separatçı hərəkatlar ölkələrin ərazi bütövlüyünə təhlükə yaradır

Siyasət Materials 21 Oktyabr 2011 15:59 (UTC +04:00)
Avropada bir sıra separatçı hərəkatlar ölkələrin ərazi bütövlüyünə, sülh və sabitliyə təhlükə yaradır.
AŞ PA qətnaməsi: Avropada bir sıra separatçı hərəkatlar ölkələrin ərazi bütövlüyünə təhlükə yaradır

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir S.Ağayeva/

Avropada bir sıra separatçı hərəkatlar ölkələrin ərazi bütövlüyünə, sülh və sabitliyə təhlükə yaradır. Bu barədə AŞ PA-nın "Müasir beynəlxalq hüquqda milli suverenlik və dövlətçilik: aydınlaşdırmaya ehtiyac" adlı 1832 saylı qətnaməsində qeyd olunub.

Diplomatik mənbələrdən cümə günü Trend-ə bildiriblər ki, qətnamədə milli suverenlik və dövlətçilik anlayışlarının son illər ərzində tərəqqisinin müşahidə olunduğu vurğulanmaqla yanaşı, ümumilikdə dövlətçilik meyarının müasir beynəlxalq hüquqda aktual məsələlərdən biri olduğu və Avropa Şurasına üzv ölkələrdə bir sıra ərazilərin müstəqil dövlət kimi tanınmağa cəhd etdikləri vurğulanır.

Qətnamədə qeyd olunur ki, AŞ PA-nın bütün ölkələri qanunsuz ayrılma nəticəsində formalaşmış de-fakto hakimiyyət və əraziləri hər hansı formada tanımaq və ya dəstəkləməkdən çəkinməlidir. Qətnamə, eyni zamanda, beynəlxalq hüququn milli azlıqların öz müqəddəratını təyinetmə hüququnu tanımış olsa belə, bu hüququn avtomatik ayrılmaya şərait yaratmadığını vurğulayır.

Qeyd edək ki, Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti Qətnamə layihəsinə çoxsaylı düzəlişlər (öz müqəddəratını təyinetmə prinsipinin əhəmiyyətinə və de-fakto ərazilərin tanınmasının təşviq edilməsinə istinad edilən) etməyə cəhd etsələr də, səsvermə nəticəsində sözügedən düzəlişlər qəbul olunmayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti