Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Çili Respublikasında akkreditə olunmaqla bağlı etimadnaməsini Çili Prezidenti Sebastian Pineraya (Miguel Juan Sebastián Piñera Echenique) təqdim edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, əvvəlcə Prezident İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdıran Azərbaycan diplomatı, ölkəmizin müstəqillik dövründə keçdiyi yol, hazırkı reallıqları, əldə etdiyi yüksək nailiyyətlər, regional proseslər, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz, Azərbaycanın xarici siyasət prioritetləri, Latın Amerikası regionuna göstərdiyi diqqət və bu çərçivədə ölkəmizin Çili ilə əməkdaşlıga verdiyi önəm və bu əməkdaşlığın perspektivləri barədə məlumat verib.
Öz növbəsində, Çili Prezidenti Sebastian Pinera da salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən Çili Prezidenti Azərbaycanı Xəzər bölgəsinin ən əhəmiyyətli və dinamik inkişafa malik ölkələrindən biri kimi dəyərləndirib, Çilinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu və əlaqələrin inkişafı üçün hər iki ölkənin malik olduğu geniş potensialın həyata keçirilməsinin məqsədəuyğun olduğunu deyib.
Çiliyə səfəri çərçivəsində səfir Əhmədzadə Çilinin Xarici İşlər Nazirliyində, Energetika Nazirliyində, Ədliyyə Nazirliyində, parlamentində, Diplomatik Akademiyasında, Çilininin xarici ticarət və investisyaların təşviqi agentliyi olan ProChile və ən iri biznes qurumu olan SOFOFA-da görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, səfərlərin mübadiləsi, müqavilə-hüquq bazasının inkişafı, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər, habelə qarşılıqlı maraq kəsb edən digər mövzular müzakirə olunub.