...

İlham Əliyev Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarına məktub ünvanlayıb

Siyasət Materials 24 Oktyabr 2011 19:23 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarına məktub ünvanlayıb.
İlham Əliyev Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarına məktub ünvanlayıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarına məktub ünvanlayıb.

"Hörmətli Forum iştirakçıları! Əziz gənclər! Sizi - Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarını və bütün gənclərimizi səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı, xoşbəxtlik və ölkəmizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hamımız üçün əlamətdar olan 2011-ci ildə Azərbaycan öz dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyini qeyd edir. Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. Əminəm ki, siz həmin imkanları forumunuzda araşdıraraq qaldırılacaq məsələlər çərçivəsində qlobal dünyada insan kapitalının biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında əhəmiyyətini də müzakirə obyektinə çevirəcəksiniz. Bu ilin iyul ayında mənim sərəncamımla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Belə bir proqramın mövcudluğu dövlətin gənclərlə bağlı siyasətinin parlaq təzahürüdür. Proqramda əsas vəzifələr sırasında gənclərin ictimai həyatın ən müxtəlif sahələrində yaxından iştirakına, onların cəmiyyətimizdə layiqli yer tutması və beynəlxalq aləmdə tanınması məsələlərinə xüsusi diqqət yetirilir. Ümidvaram ki, bu forum proqramın uğurla həyata keçirilməsi və yeni-yeni çalarlarla zənginləşməsinə zəmin yaradacaqdır", - məktubda bildirilir.

İlham Əliyev qeyd edib ki, informasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər.

"İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaqdır. Forumunuzun işinə uğurlar diləyir və hər birinizə niyyətlərinizin çin olmasını arzulayıram", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti