Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir T.Hacıyev/
Sabiq Müsavat funksioneri Sülhəddin Əkbərin təşəbüsü ilə yaradılan Avro-Atlantik Şuranın (AAŞ) təsis konfransı keçirilib.
Trend-in məlumatına görə, təsis konfransında çıxışı zamanı AAŞ-nin Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər qeyd edib ki, üç ay öncə yaradılmasına təşəbbüs göstərilən Şuranın artıq 30-dan çox regionda yerli təşkilatı var.
"Bu, hələ təsis konfransı keçirilməmiş bir təşkilat üçün böyük rəqəmdir", - Əkbər əlavə edib.
Tədbirdə qeyd olunub ki, Şuranın yaradılmasında başlıca məqsəd Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin davamlılığının təmin edilməsi, onun təhlükəsizliyinin, eyni zamanda beynəlxalq təhlükəsizlik təminatının möhkəmləndirilməsi, həmçinin cəmiyyətdə insan haqları, plüralizm və qanunun aliliyinin təmin edilməsində Azərbaycan dövlətinə yardımçı olmaqdır.
Yığıncaqda Şuranın manifesti də qəbul olunub. Manifestə əsasən AAŞ qarşıya qoyulan məqsədlərə çatmaq üçün cəmiyyətin maarifləndirlməsi ilə məşğul olacaq, Aİ və NATO haqqında, onların yaranma səbəbləri, missiyası, məqsəd və vəzifələri haqqında məlumatlar yayacaq. Bundan əlavə, Aİ və NATO-nun qlobal, regional və lokal fəaliyyətləri haqqında ictimai rəyi öyrənəcək. Şura həmçinin, Azərbaycanın Aİ və NATO ilə ikitərəfli əlaqələrinin inkişafına ictimai dəstək verəcək.
Konfransda təşkilatın sədri, seçkili qurumların - İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib, təşkilatın nizamnaməsi qəbul olunub.
Müsavat Partiyasının sabiq sədri Sülhəddin Əkbər bu ilin yanvarında partiyada tutduğu vəzifəsindən və partiya sıralarından istefa verib. Sonradan Əkbərin və digər funksionerlərin partiyadan istefasının səbəbi kimi partiya daxilində antoqonist xarakter daşıyan fikir ayrılığı olduğu göstərilib.