...

Prezident İlham Əliyev Ağsuda bir sıra obyektlərin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 31 Oktyabr 2011 12:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Ağsuda bir sıra obyektlərin açılışında iştirak edib
Prezident İlham Əliyev Ağsuda bir sıra obyektlərin açılışında iştirak edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Ağsuda bir sıra obyektlərin açılışında iştirak edib.

Öncə Prezident İlham Əliyev Ağsu Regional Qaz İstismar Sahəsinin açılışında iştirak edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısına məlumat verildi ki, Ağsuda Regional Qaz İstismar Sahəsi üçün yeni inzibati binanın tikintisi ətraf rayonların da qazlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinə həsr olunmuş fotoguşə yaradılmışdır. Binanın bütün otaqlarında müasir mebel və kompyuter avadanlığı quraşdırılıb.

Azərbaycan Prezidentinə Ağsu rayonunun qazlaşdırılması sxemi təqdim olundu. Bildirildi ki, rayonun yaşayış məntəqələrinə bir-birinin ardınca təbii qazın verilişi bərpa olunur və yaxud da yeni xətlər çəkilir. İndiyədək rayon üzrə 1847 abonentin mexaniki sayğacı "smart kart" tipli sayğacla əvəz olunub.

Dövlətimizin başçısına təqdim olunan digər stend isə regional sahənin fəaliyyəti ilə bağlı idi. Məlumat verildi ki, indiyədək Ucarda 5 min 191, Ağdaşda 12 min 683, Kürdəmirdə 9 min 453, Göyçayda 9 min 547 abonent təbii yanacaqla təmin olunub.

Prezident İlham Əliyev bu prosesin daha sürətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.

Dövlətimizin başçısı binanın ikinci mərtəbəsində konfrans zalı və iş otaqlarında yaradılmış şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev Ağsuda mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, parkın 9 metr hündürlüyündə 4 sütunlu giriş qapısı milli Azərbaycan memarlığı üslubunda inşa olunub. İl yarım ərzində başdan-başa yenidən qurulmuş parkın ərazisi 1,6 hektardır. Burada yeni quraşdırılmış fəvvarə parka xüsusi yaraşıq verir. Sakinlər üstü örtülü 6 istirahət guşəsindən istifadə edə biləcəklər. Mədəniyyət və istirahət parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılmış, xalq nağıllarının motivlərini əks etdirən guşə və səhnə yaradılmışdır. Parkda yaşıllaşdırma işləri zamanı əvvəldən mövcud olan həmişəyaşıl bitkiləri saxlamaqla yanaşı, 7,5 min kvadratmetr ərazidə yeni ağaclar və gül kolları əkilmişdir.

Prezidenti İlham Əliyev daha sonra Ağsuda çörək zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısı zavodu işə saldı.

İstehsal prosesi ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, müəssisə əsas sexdən və yardımçı sahələrdən ibarətdir. Burada Rusiya və Ukraynanın bu sahə üzrə ixtisaslaşmış zavodlarında buraxılan ən müasir çörəkbişirmə sobasının, qıcqırtma avadanlığının və digər qurğuların quraşdırılması yüksək keyfiyyətli məhsul hazırlamağa imkan verir. Zavod mühəndis kommunikasiyaları ilə tam təmin olunmuşdur. Sutka ərzində əhalini 5 ton çörəklə təmin edəcək müəssisədə 12 nəfər işləyəcək.

Çörək məhsulları satış şəbəkəsinə xüsusi ixtisaslaşmış avtomaşınlarla daşınacaqdır. Zavodun ərazisi yüksək səviyyədə abadlaşdırılıb.

Dövlətimizin başçısı zavodun açılışı münasibətilə təbriklərini çatdırdı, kollektivə uğurlar arzuladı.

İlham Əliyev, həmçinin oktyabrın 30-da Ağsu şəhər stadionunun açılışında iştirak edib.

Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsdi.

Bu müasir idman qurğusunun təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ağsu rayonuna səfəri çərçivəsində qoyulub.

Stadionla tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, dörd sektorda üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkündür. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılıb. Bundan əlavə, burada daha iki min stadion idmançıların ixtiyarına verilib. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.

İnzibati binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri qayğının müxtəlif məqamlarını əks etdirən fotoguşə yaradılmışdır. Burada konfrans zalı, həkim məntəqəsi, soyunub-geyinmə və yuyunma otaqları vardır. Stadionun ətrafına 840 metr uzunluğunda hasar çəkilmiş və "Gülbax" daşları ilə üzlənmişdir. Stadionun yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilmişdir.

Dövlətimizin başçısının Azərbaycan gəncliyinin sağlam ruhda böyüməsinə göstərdiyi diqqət və qayğının daha bir təzahürü olan bu qurğu Ağsuda idmana olan marağı artırmaqla yanaşı, peşəkar idmançıların yetişməsində də həlledici rol oynayacaq.

Stadionda yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev təbriklərini çatdırdı, tapşırıqlarını verdi.

Daha sonra Prezident İlham Əliyev Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, mərkəzin təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş mərkəzin həyətində Ağsudan olan tanınmış incəsənət xadimləri Mikayıl Mirzə, Səməndər Rzayev və Rasim Balayevə həsr olunmuş guşədə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlar vardır.

Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülmüş, çoxlu sayda ağac və gül kolları əkilmiş, bütün lazımi infrastruktur yaradılmışdır.
Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş fotoguşələr yaradılmışdır.

Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunacaqdır. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilmişdir. Xalq sənətinin tanınmış nümayəndələrindən biri Aşıq Şakirə həsr olunmuş otaq da maraqlı eksponatları ilə diqqəti cəlb edir. Mərkəzin 80 yerlik zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev Ağsu Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Rauf Hacıyevin "Azərbaycan" mahnısını dinlədi.

Prezident İlham Əliyev oktyabrın 30-da Ağsuda "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun açılışında iştirak edib.

Bildirildi ki, zavodun fəaliyyətə başlaması regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsinin bariz nümunəsidir. On iki hektardan çox ərazini əhatə edən müəssisə beşmərtəbəli inzibati binadan, üçmərtəbəli oteldən, 20 min kvadratmetr istehsal sahəsindən və digər yardımçı sahələrdən ibarətdir. Bundan əlavə, ərazidə 6 artezian quyusunun qazılması və saatda 40 ton su təmizləyən qurğunun tikilməsi müəssisənin fasiləsiz təmiz su ilə təchizatını təmin edəcəkdir. Burada bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulmuşdur. Zavodda il ərzində 50 min ton meyvə şirəsi və 12 min ton şərab hazırlanacaqdır. Hazır məhsulun satışını təmin etmək məqsədi ilə Bakıda iki min tonluq anbar tikilmiş, satış mərkəzi və regional satış nümayəndəlikləri yaradılmışdır.
Prezident İlham Əliyev zavodun maketi ilə tanış olduqdan sonra müəssisəni işə salan düyməni basdı, meyvələrin qəbulu və emalı prosesini izlədi.

Bildirildi ki, saatda 9-15 ton meyvə qəbul etmək gücünə malik olan müəssisədə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ümummilli liderin ölkəmizdə kənd təsərrüfatının inkişafındakı xidmətlərini əks etdirən fotoguşə yaradılmışdır. Burada ölkəmizdə şərab istehsalının tarixini əks etdirən fotolar da yer almışdır.

Dövlətimizin başçısı zavodun şərab anbarı ilə tanış oldu. Diqqətə çatdırıldı ki, zavodda üç növ üzüm sortundan hazırlanan "Ağsu", "Qaragöz" və "Bellus" brendləri istehsal edilir. Şərablar ABŞ palıdından hazırlanan xüsusi çəlləklərdə saxlanılır.

Prezident İlham Əliyev şərabın hazırlanması və emalı prosesi ilə tanışlıqdan sonra meyvə şirəsinin qablaşdırılması bölməsinə gəldi. Bildirildi ki, burada gün ərzində 240 ton meyvə şirəsi qablaşdırmaq mümkündür. Zavodda alman layihəsinə uyğun olaraq, mükəmməl mərkəzləşdirilmiş boru şəbəkəsi vardır.

Azərbaycan Prezidenti şərab qablaşdırılması, hazır məhsulun saxlanılması və inkubasiya bölmələri ilə də tanış oldu, vitamin şirələrinin hazırlanması prosesini izlədi.
Müəssisənin texnoloji prosesi ilə tanışlıq zamanı məlumat verildi ki, zavodun istehsal bölmələrində 15 növ meyvə şirəsi istehsal olunur. Burada iki milyon paket hazır məhsul saxlamaq üçün anbar da vardır.

Sonra Prezident İlham Əliyev müəssisənin inzibati binası ilə tanış oldu. Beşmərtəbəli binada müasir iş şəraiti yaradılmışdır.

Dövlətimizin başçısı hazır məhsulun təqdimatı otağında oldu. Bildirildi ki, zavodun 700 hektar bağ sahəsinə dörd illik yoxlamadan sonra "BİO" sertifikat verilmişdir.
Zavod öz məhsullarını respublikamızın şəhər və rayonları ilə yanaşı, MDB və Avropa ölkələrinə də göndərəcəkdir. İlkin mərhələdə 180 nəfərin çalışacağı müəssisədə sonradan işçilərin sayı 350-yə çatacaqdır.

Müəssisənin fəaliyyəti məhsul istehsalı ilə məhdudlaşmır. Şamaxı və Ağsu rayonları ərazisində müəssisənin balansında 1000 hektar yararlı torpaq sahəsi vardır. Həmin sahələrin 700 hektarında üzüm və nar bağları salınmışdır. Bağlarda hazırda 500 işçi çalışır. Gələcəkdə salınacaq bağlar üçün daha 600 hektar sahənin ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, zavodda və ona məxsus bağlarda yaxın gələcəkdə 1500-1800 nəfərin işlə təmin olunması gözlənilir. Üzüm və nar bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika alınmışdır. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir. Ən başlıcası isə bu müəssisə rayonda əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayacaqdır.

Zavodla tanışlıqdan sonra dövlətimizin başçısı müəssisənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon sakini ,"Az-Granata" MMC-nin əməkdaşı Natiq Məmmədov ölkəmizin bütün regionları kimi, Ağsu rayonuna da göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Xəbər lenti

Xəbər lenti