...

Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsi təklif edilib

Siyasət Materials 2 Noyabr 2011 17:19 (UTC +04:00)
Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi iki ölkənin birgə hərbi təlimlərinin həyata keçirilməsini zəruri edir.
Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsi təklif edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir M.Əliyev/

Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi iki ölkənin birgə hərbi təlimlərinin həyata keçirilməsini zəruri edir. Bu barədə Trend-ə çərşənbə günü millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri ötən il yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası vasitəsilə daha mühüm səviyyəyə qalxdı.

"Şuranın yaradılması ilə aydın oldu ki, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq real, işlək, funksional hədəfləri bəlli olan, strukturlaşmaya geniş yer verən, vəzifə bölgüsü aparılmış bir modelə çevrilməkdədir", - o deyib.

Millət vəkili bildirib ki, müqavilə Azərbaycan ilə Türkiyə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə əməkdaşlıq, silah yardımı, sənaye qurumlarının əməkdaşlığını da şərtləndirir.

O hesab edir ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı müqavilə buna hüquqi baza yaradır.

"Türkiyə Silahlı Qüvvələri Azərbaycanın ötən dövrdə hərbi sisteminin formalaşmasında generalları, zabitləri ilə köməyini göstərib. Artıq vaxtdır ki, birgə təlimlər vasitəsilə vahid komandanlıq, hədəflərə qarşı birgə mübarizə üzrə təcrübə mübadiləsi həyata keçirilsin", - Oruc deyib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyənin təcrübəsini mənimsəməyə ehtiyacı var və Azərbaycan da Türkiyənin düşmənlərinə qarşı vuruşmağa öz mövqeyini hər zaman təklif edə bilir.

O hesab edir ki, hərbi təlimlər məsələsi kimin bundan nə nəticə çıxarmasından asılı olmayaraq, milli maraqlarımıza və təhlükəsizliyimizə uyğun olardı.

"Birgə hərbi təlimlər gələcək əməkdaşlıq üçün gözəl imkanlar yaradar", - Oruc deyib.

Xəbər lenti

Xəbər lenti