...

Azərbaycan və ATƏT Xəzərin neft və kimyəvi maddələrlə çirklənməsi riskini müzakirə edib

Siyasət Materials 3 Noyabr 2011 11:26 (UTC +04:00)
Son vaxtlar Xəzər dənizində neft və qaz istehsalı və ixracının artması, müvafiq infrastrukturun qurulması və neft məhsullarının daşınması dənizin neft və kimyəvi maddələrlə çirklənməsi riskini artırıb.
Azərbaycan və ATƏT Xəzərin neft və kimyəvi maddələrlə çirklənməsi riskini müzakirə edib

Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir K.Zərbalıyeva/

Son vaxtlar Xəzər dənizində neft və qaz istehsalı və ixracının artması, müvafiq infrastrukturun qurulması və neft məhsullarının daşınması dənizin neft və kimyəvi maddələrlə çirklənməsi riskini artırıb. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyi və ATƏT-in Bakı ofisi tərəfindən təşkil edilmiş "Dənizdə neft dağılmalarına görə məsuliyyət və kompensasiya üzrə beynəlxalq rejimlər" mövzusunda keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini Rəfael Mirzəyev deyib.

Mirzəyev bildirib ki, Azərbaycanda bu sahədə normativ baza və cavabdeh təşkilatlar var. Xəzəryanı ölkələrin regionda neft və qaz sahəsində çalışan xarici şirkətlərlə əməkdaşlığına böyük ehtiyaclar var.

"Sovet dönəmində bu problemlə bağlı cavabdeh təşkilat olub. SSRİ dağıldıqdan sonra bu sahədəki texnika Azərbaycana qaldı. Həmin texnikalar 70-80-ci illərin istehsalı idi. Onlar təmir edilib və işlək vəziyyətə gətirilib. Amma yeni texnikalara da ehtiyac var. Neft dağılmalarının qarşısının alınması ilə bağlı hazırlanmış milli planın layihəsi aidiyyəti təşkilatların rəyi alındıqdan sonra yaxın günlərdə hökumətə təqdim ediləcək. Planda beynəlxalq təcrübə öz əksini tapıb", - Mirzəyev əlavə edib.

Tədbirdə yerli və beynəlxalq mütəxəssislər neft dağılmaları və neft sənayesi ilə əlaqədar milli səviyyədə fövqəladə hallara hazırlıq planını müzakirə edib, kompensasiya və məsuliyyət mexanizminə dair ən mütərəqqi təcrübələri - Qara dəniz və Baltik dənizi ölkələrinin təcrübəsini müzakirə ediblər.

Yerli və beynəlxalq ekspertlərin fikrincə, bu məsələ Azərbaycan üçün böyük önəm kəsb edir. Çünki neft yataqlarının kəşfi ilə əlaqədar növbəti illərdə Xəzər hövzəsi boyunca neft nəqli həcminin artması gözlənilir.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay isə çıxışında deyib ki, dünyanın müxtəlif yerlərində neft dağılmaları nəticəsində baş verən təbii fəlakətlər belə hadisələrin törədə biləcəyi ekoloji və iqtisadi fəsadları bizə bir daha xatırlatdı. Belə olaylar neft dağılmaları ilə bağlı fövqəladə hallarda daha faydalı və əlaqələndirilmiş tədbirlərə ehtiyac olduğunu göstərir.

Səfir qeyd edib ki, ATƏT-in Bakı ofisi Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir və neft dağılmalarına qarşı hazırlığın təmin olunmasında davamlı dəstək və mütəxəssis rəyi verməyə hazırdır.

Açılışdan sonra seminar 3 sessiya üzrə davam edəcək.

Bunlar "Azərbaycanda neft dağılmasına qarşı hazırlığın təmin edilməsi planının statusu", "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının (Tehran Konvensiyası) milli səviyyədə icrasının hazırkı statusu, dəniz təhlükəsizliyi və dəniz mühitinin qorunması sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi" və "Dənizdə neft dağılmalarına görə məsuliyyət və kompensasiya üzrə beynəlxalq rejimlər"dir.

Tədbirdə FHN, Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkətinin nümayəndələri və bir sıra beynəlxalq ekspertlər iştirak edirlər.

Azərbaycan neftlə çirklənmə hallarına qarşı hazırlığın təmin edilməsi, belə hallarla mübarizə və əməkdaşlıq haqqında Beynəlxalq Konvensiyaya qoşulub. Bundan başqa, Azərbaycan və digər Xəzəryanı ölkələr Xəzər dənizində neftlə çirklənmə hallarına qarşı regional əməkdaşlığa dair Protokol imzalayıb.

Xəbər lenti

Xəbər lenti