...

Müasir Azərbaycan dini tolerantlığı ilə seçilir - səfir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 Noyabr 2011 13:18 (UTC +04:00)
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov noyabrın 7-də müqəddəs Qurban bayramı münasibətilə İranın Qum şəhərinə səfər edərək dini alimlər və müctəhidlərlə görüşüb.

Trend-i buradan izləyin

Səfirliyin məlumatı əlavə olunub (ilk xəbər saat 12:02-də yayılıb)

Azərbaycan, Bakı, 8 noyabr /Trend müxbir T.Cəfərov/

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov noyabrın 7-də müqəddəs Qurban bayramı münasibətilə İranın Qum şəhərinə səfər edərək dini alimlər və müctəhidlərlə görüşüb. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.

Axundov səfəri zamanı Qum şəhərində İranın nüfuzlu ruhanilərindən olan Ayətullah Hüseyn Vəhid Xorasani, Ayətullah Seyid Əbdülkərim Musəvi Ərdəbili və Ayətullah Hüseyn Nuri Həmədani, eyni zamanda, bu şəhərin dini mərkəzlərində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib.

Görüşdə Azərbaycanın iqtisadi, siyasi və mədəni inkişafından geniş söhbət açan səfir, bu uğurların əldə olunmasında ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin müstəsna və danılmaz xidmətlərinin olduğunu qeyd edib.

Məhz İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasında İslam dəyərlərinə böyük qiymət verildiyini, SSRİ dövründə İslam dininə qoyulmuş bütün qadağaların aradan qaldırıldığını, müasir Azərbaycanın dini tolerantlığı ilə seçildiyini önə çəkən səfir, müstəqillik qazandıqdan sonra respublikamızda onlarla yeni məscidin tikildiyini və ya əsaslı təmir olunduğunu xüsusi bildirib.

Sonra Axundov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, sözügedən münaqişənin tək Azərbaycan Respublikasının deyil, bütün müsəlman dünyasının üzləşdiyi bəla olduğunu ruhanilərin diqqətinə çatdırıb.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən müsəlman məscidlərinin acınacaqlı durumundan danışan səfir, bu vəziyyətin bütün müsəlman aləmi üçün təhqir olduğunu təəssüf hissi ilə vurğulayıb.

Görüşün sonunda Ayətullah Hüseyn Vəhid Xorasani, Ayətullah Seyid Əbdülkərim Musəvi Ərdəbili və Ayətullah Hüseyn Nuri Həmədani Prezident İlham Əliyevə salamlarının və müqəddəs Qurban bayramı münasibəti ilə təbriklərinin çatdırılmasını xüsusi xahiş ediblər.

Daha sonra səfir Axundov Qum şəhərində dini mərkəzlərdə, xüsusilə də "əl-Mustafa əl-Aləmiyyə" Universitetinin İmam Xomeyni adına institutunda təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib, onları maraqlandıran suallara cavab verib.

Tədbirin sonunda səfirlik adından qurbanlar kəsilərək bu şəhərdə təhsil alan azərbaycanlı və digər müsəlman ölkələrdən olan tələbələrə paylanılıb.

Xəbər lenti

Xəbər lenti