...

Moskvada populyar “Baku” jurnalının ingillisdilli versiyasının təqdimatı olmuşdur (FOTO)

Siyasət Materials 12 Noyabr 2011 19:28 (UTC +04:00)
Moskvadakı Ostojenka küçəsində yerləşən “Multmedia Art Muzey”də populyar “Baku” jurnalının ingilisdilli “Baku İnternational” versiyasının birinci nömrəsinin təqdimatı keçirilmişdir.
Moskvada populyar “Baku” jurnalının ingillisdilli versiyasının təqdimatı olmuşdur (FOTO)

Moskvadakı Ostojenka küçəsində yerləşən "Multmedia Art Muzey"də populyar "Baku" jurnalının ingilisdilli "Baku İnternational" versiyasının birinci nömrəsinin təqdimatı keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla xanım Əliyeva mərasimdə iştirak etmişdir.

Trend -in AzərTAc-a istinadən verdiyi məlumata görə, jurnalın baş redaktoru mərasim iştirakçıları qarşısında çıxış edərək xatırlatmışdır ki, dörd il bundan əvvəl - 2007-ci ilin dekabr ayında Moskvada "Baku" jurnalının birinci nömrəsi təqdim edilmiş və elə həmin vaxtdan bu nəşrin beynəlmiləl versiyasını yaratmaq ideyası meydana gəlmişdir. Leyla Əliyeva demişdir: "Oktyabrın 4-də "Conde nast" nəşriyyatı ilə əməkdaşlıq sayəsində jurnalın ingilis dilində olan versiyası çapdan çıxmışdır. İndi bizim oxucular bu jurnalı təkcə Bakıda və Moskvada deyil, həmçinin London, Paris, Roma, Berlin, Nyu-York və dünyanın digər şəhərlərində tapa biləcəklər".

Baş redaktor demişdir ki, jurnalın birinci nömrəsi od, atəş mövzusuna həsr edilmişdir. Bu da təsadüfi deyildir, çünki Azərbaycan zərdüştiliyin beşiyi sayılan diyarlardan biridir və hətta bu ölkənin Azərbaycan adı özü də "od" mənası verən "azər" sözündən yaranmışdır. Leyla xanım demişdir: "Bakı qədim və eyni zamanda, çox gənc şəhərdir. Bu gün Bakıda avanqard memarlıq şedevrləri ilə hələ XIX əsrdə neft bumu dövründə tikilmiş binaların, teatrların, muzeylərin qədim fasadları bir-birini ahəngdar şəkildə tamamlayır. Şəhər üzərində ucalan nadir, müasir "Fleym Tauers" kompleksi Qız Qalasının hündürlüyünü kölgədə qoymur. Biz bütün belə məqamları jurnalımızın səhifələrində işıqlandırmağa, həmçinin Şərq ilə Qərbin qovuşduğu ölkəmizin qədim tarixi, onun zəngin mədəniyyəti və heyrətamiz təbiəti barədə söhbət açmağa çalışmışıq. Ən başlıcası, biz bu jurnalda insanlar haqqında - Azərbaycanın böyük rəssamları, yazıçıları, bəstəkarları və hər birinin öz həyat tarixçəsi olan, Bakıya məhəbbət hissinin birləşdirdiyi sadə insanlar haqqında söhbət açacağıq".

Leyla Əliyeva nəşriyyatın bütün komandasına, bu layihəyə inanmış, öz zəhmətlərini və məharətlərini əsirgəməmiş fotoqraf və rəssamlara səmimi təşəkkürünü bildirmişdir. Leyla Əliyeva demişdir: "Mənə çox xoşdur ki, bu təqdimat mərasimi gözəl Moksva şəhərində, "Baku" jurnalının birinci nömrəsinin ərsəyə gəldiyi şəhərdə keçirilir. Onu da qeyd etməyə bilmərəm ki, gələn il Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi keçiriləcəkdir. Fürsətdən istifadə edib sizin hamınızı bizim şəhərə gəlməyə, onun qədim küçələrində, müasir bulvarlarında gəzintiyə çıxmağa, Xəzərin ətrini və Bakı şəhərinin bütün ecazkarlığını duymağa dəvət etmək istərdim".

"Conde Nast" nəşrlər evinin baş direktoru Albert Rid qeyd etmişdir ki, "Baku" jurnalının ingilisdilli versiyasının nəşrə başlanmasını qeyd etmək üçün Moskvaya gəlməsini özü üçün böyük şərəf hesab edir. O demişdir: "Biz ən yaxşı redaktorlar, jurnalistlər və fotoqraflarla işləyirik. Bizim çap etdiyimiz hər bir jurnal mənsub olduğu mədəniyyətə xas olan ən yaxşı cəhətləri əks etdirir. İtaliyanın "Vogue" jurnalı italyan dizaynını, Amerikanın "New Yorker" jurnalı Amerika ideyalarını dünya ilə bölüşür. Biz çox şadıq ki, Leyla Əliyevanın rəhbərlik etdiyi "Baku" jurnalı da Azərbaycanla bağlı oxşar amallara xidmət edir. "Baku" jurnalının beynəlxalq versiyasının ilk buraxılışı bizi çox sevindirir. Biz bu jurnalı Leyla Əliyeva ilə birlikdə tərtib edirik və bizə təqdim edilən materialın keyfiyyəti sözün yaxşı mənasında bizi çox heyrətləndirdi".

A.Rid xüsusi vurğulamışdır ki, Leyla Əliyeva "Conde Nast" komandasını incəsənət, dizayn və moda dünyasında əməkdaşlığa ruhlandırmışdır. Nəşriyyatın rəhbəri demişdir: "Biz "Baku"ya ən məşhur dizaynerləri cəlb edirik. Bu, bizim hamımızı ruhlandırır. "Baku" jurnalının ingilisdilli versiyasının səhifələrində Azərbaycan haqqında dünyaya mümkün qədər çox məlumat verməyə hazırlaşırıq. Mən Leyla Əliyevanı təbrik etmək istərdim ki, onun bu qədər yüksək redaktorluq zövqü vardır. Onu da qeyd etmək istəyirəm ki, biz bu jurnalı nəşr etməyimizə görə qürur duyuruq".

Sonra Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Mərasimin rəsmi hissəsindən sonra Leyla Əliyeva və qonaqlar Bakıya həsr olunmuş fotosərgiyə tamaşa etmişlər.

Təqdimat mərasimi "Natiq ritm qrupu" nağaraçılar ansamblının ifasında insanı şövqə gətirən musiqi sədaları altında başa çatmışdır.

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Arzu Əliyeva və onun həyat yoldaşı, habelə tanınmış bəstəkar və müğənni Emin Ağalarov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış ictimai və siyasi xadimlər, RF dövlət orqanlarının nümayəndələri, incəsənət xadimləri və Azərbaycan diasporunun nümayəndələri təqdimat mərasimində iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti