Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Tağıyeva/
Suriya bir gün əvvəl Ankarının Dəməşqdəki diplomatik nümayəndəliyinə edilən hücuma görə Türkiyədən üzr istəyib. Trend-in "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Suriyanın xarici işlər naziri Vəlid əl-Muallim deyib.
Bir gün əvvəl Suriyanın bir sıra şəhərlərində Türkiyənin diplomatik nümayəndəliklərinə hücumlar edilib.
Bazar günü axşam təxminən min nəfərə yaxın nümayişçi daş və şüşələrlə Türkiyənin Dəməşqdəki səfirliyinə hücum ediblər. Ancaq polisin hadisə yerinə gəlməsi səfirliyin nümayişçilər tərəfindən tutulmasının qarşısını alıb.
Suriyada 8 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin məlumatına görə, həlak olanların sayı 3,5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 1,5 mindən artıq adamın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.