...

Azərbaycanda yeni mehmanxananın açılışı olub (FOTO)

Siyasət Materials 17 Noyabr 2011 12:02 (UTC +04:00)
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib
Azərbaycanda yeni mehmanxananın açılışı olub (FOTO)

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda "El Resort" mehmanxanasının açılışında iştirak edib.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası Azərbaycana yüksək maraqdan, həmçinin ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılmış əlverişli investisiya mühitindən irəli gəlir. Turizmin inkişafı ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Qax rayonunda da turizm potensialının inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan yeni tikilmiş "El Resort" otel kompleksi də mühüm əhəmiyyət daşıyır.

Mehmanxanada yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, üçmərtəbəli kompleks 2,7 hektar ərazini əhatə edir. Ümumi sahəsi 3 min 660 kvadratmetr olan mehmanxana lüks və VİP otaqlardan, 120 yerlik yeməkxanadan, 60 yerlik kafe-bar, oyun və kino zallarından ibarətdir. Qonaqlar burada türk və çin hamamlarının, nəhəng hovuzun, yaz-yay terrasının, universal idman meydançasının xidmətlərindən istifadə edə biləcəklər. Buradakı otaqlar yüksək beynəlxalq standartlara cavab verir. Mehmanxananın otaqlarının və yeməkxananın mərkəzləşdirilmiş kompyuter proqramı sistemi yaradılmışdır. Mehmanxananın bütün infrastrukturu - istilik, havalandırma, elektrik, rabitə, yanğınsöndürmə sistemləri ən müasir səviyyədə qurulmuşdur.

Dövlətimizin başçısı sonra mehmanxananın tikilməkdə olan konfrans zalının layihəsini əks etdirən stendə baxdı. Üç zaldan ibarət olacaq ikimərtəbəli konfrans zalında eyni vaxtda bir neçə tədbirin keçirilməsi mümkün olacaqdır. Binanın tikintisi 2012-ci ilin martında başa çatacaqdır.

Mehmanxanada yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti