Azərbaycan, Bakı, 18 noyabr / Trend /
Xəzərin hüquqi statusu üzrə danışıqlar "ən qızğın mərhələdədir", sahilyanı ölkələrin mövqeləri yaxınlaşır, lakin fikir ayrılıqları hələ tam aradan qaldırılmayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiya olunması üzrə məruzə ilə çıxış edib. Sənədin müzakirəsi zamanı parlamentarilər Xəzərin hüquqi statusu üzrə danışıqların nə qədər tez başa çatacağı və onun hansı mərhələdə olması ilə maraqlanıblar.
Ryabkov qeyd edib ki, "Xəzərin hüquqi statusu məsələsi, dövlətimizin bütün tarixi ərzində yalnız sovet-İran müqavilələri ilə tənzimləndiyini nəzərə alsaq, kifayət qədər mürəkkəbdir".
"Tərəflərin mövqeləri yaxınlaşır, lakin ziddiyyətlər hələ aradan qaldırılmayıb", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, danışıqların ayrıca formatı mövcuddur. "Biz bu sazişin bağlanmasının Xəzərin hüquqi statusunun işlənməsi məsələsi ilə əlaqələndirilməsini təkid etməmək üçün şüurlu olaraq buna getdik", - o deyib.
Ryabkov qeyd edib ki, razılaşma öz-özlüyündə vacibdir və hüquqi status üzrə yekun razılaşmanın olmaması təhlükəsizlik sahəsində çağırışların həllinin xeyrinə əməkdaşlığın nizama salınmasına mane olmamalıdır.
Razılaşma Rusiyanın maraqları nöqteyi-nəzərindən əhəmiyyətli olan belə bir müddəanı özündə əks etdirir ki, Xəzər dənizində təhlükəsizliyin təmin olunması Xəzəryanı dövlətlərin müstəsna hüququdur.
Sənəd müqavilədə iştirak edən ölkələrin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, qaçaqmalçılıqla, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə kimi sahələrdə əməkdaşlığı üçün hüquqi əsas yaradır.
Tərəflər, həmçinin silah və hərbi texnikanın, partlayıcı və zəhərləyici maddələrin, narkotiklərin qanunsuz dövriyyəsi, cinayət yolu ilə əldə olunan pulların yuyulması ilə mübarizədə də əməkdaşlıq etmək niyyətindədirlər.
Saziş habelə dəniz gəmiçiliyi, dənizdə səyahətin təhlükəsizliyinin təmin olunması, piratçılıq və brokonyerliklə mübarizədə də qarşılıqlı fəaliyyəti nəzərdə tutur.
Xəzər dənizinin hüquqi statusu üzrə ilk konfrans ötən il oktyabrın 8-də İranın Gilan əyalətinin Rəşt şəhərində keçirilib. Konfransda İranın xarici işlər naziri, İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləri, Neft, Nəqliyyat, Ekologiya nazirliklərinin, İran gömrüyünün, o cümlədən İranın Limanlar və Gəmiçilik İdarəsinin nümayəndələri iştirak ediblər.
Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.