...

Prezident İlham Əliyev: Azərbaycan və Rusiya münasibətlərinin dərinləşməsində Rusiyada yaşayan azərbaycanlıların rolu az deyil

Siyasət Materials 25 Noyabr 2011 18:43 (UTC +04:00)
Azərbaycan və Rusiya münasibətlərinin inkişafında və dərinləşməsində Rusiyada yaşayan azərbaycanlıların rolu az deyildir.
Prezident İlham Əliyev: Azərbaycan və Rusiya münasibətlərinin dərinləşməsində Rusiyada yaşayan azərbaycanlıların rolu az deyil

Rusiya, Moskva, 25 noyabr /Trend, xüsusi müxbir V.Aleksandrov/

Azərbaycan və Rusiya münasibətlərinin inkişafında və dərinləşməsində Rusiyada yaşayan azərbaycanlıların rolu az deyildir. Sevindirici haldır ki, onlar çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz hissəsidir, Rusiya Federasiyasının inkişafına və tərəqqisinə layiqli töhfə verirlər. Trend-in məlumatına görə, bunu cümə günü Moskvada keçirilən Ümumrusiya Azərbaycan Konqresinin III qurultayının iştirakçılarına təbrik məktubunda Prezident İlham Əliyev deyib.

Təbrik məktubunu Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub.

"Sizi öz tarixi Vətəninizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyinin bayram edildiyi ildə keçən Ümumrusiya Azərbaycan Konqresinin III qurultayında səmimi salamlayıram. Azərbaycan bu yubileyi müxtəlif sahələrdə sanballı nailiyyətlərlə qarşılayır.
Davamlı inkişaf sahəsində uğurlarımız nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Biz öz tarixi-mədəni irsimizi qoruyub saxlamaqla və ona qayğıkeş münasibət sahəsində çoxəsrlik ənənələri inkişaf etdirməklə yanaşı eyni zamanda bizim milli-mənəvi dəyərlərimizin ümumbəşəri ideallarla harmonik əlaqəsində varisliyi təmin edə bilmişik", - İlham Əliyevin təbrik məktubunda qeyd edilib.

Dövlət başçısı təbrik məktubunda bildirib ki, bu gün Rusiya Federasiyası ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə strateji tərəfdaşlığın səviyyəsi olduqca yüksək qiymətə layiqdir.

"Biz Azərbaycan cəmiyyətinin tolerantlığının və açıqlığının yüksək səviyyəsi ilə haqlı olaraq fəxr edirik. Respublikanın sosial-iqtisadi, ictimai-siyasi və elmi-mədəni həyatının bütün sahələrində təmsil olunmuş Azərbaycanın 120 minlik rus icmasının bütün fəaliyyəti ölkəmizdə millətlərarası münasibətlər sahəsində yaranmış vəziyyətin parlaq təzahürüdür. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətə çoxlu sübutlar göstərmək, o cümlədən bu faktı vurğulamaq olar ki, bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilərkən dost Rusiya da bizim namizədliyimizi dəstəkləyib", - Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, azərbaycanlıların diaspor təşkilatları, ilk növbədə, ÜAK Rusiya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevriliblər.

"Ölkənin demək olar ki, bütün regionlarında öz strukturlarını yaratmış Konqres qısa müddətdə nüfuzlu ictimai birliklərdən birinə çevrilə bilib. Bununla bərabər Dünya Azərbaycanlıların Qurultayında göstərildiyi kimi, xalqımızın tarixinin və mədəniyyətinin təbliği, Azərbaycan haqqında həqiqətin Rusiya ictimaiyyətinə çatdırılması da onun işinin prioritet istiqamətlərindən biridir. Əminəm ki, III qurultay Ümumrusiya Azərbaycan Konqresinin, eləcə də bütün Azərbaycan diasporunun fəaliyyətində mühüm hadisə olacaq, hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və inkişafına kömək edəcək", - Prezidentin təbrik məktubunda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti