...

Məzahir Pənahov: Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində siyasi partiyalar kifayət qədər fəallıq nümayiş etdirirlər

Siyasət Materials 29 Noyabr 2011 12:51 (UTC +04:00)
Azərbaycanda noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə siyasi partiyalar kifayət qədər fəallıq nümayiş etdirirlər.
Məzahir Pənahov: Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində siyasi partiyalar kifayət qədər fəallıq nümayiş etdirirlər

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə siyasi partiyalar kifayət qədər fəallıq nümayiş etdirirlər. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.

"Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb", - Pənahov deyib.

Onun sözlərinə görə, namizədlərin təmsil etdiyi partiyalar Yeni Azərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyalarıdır.

"Dünya praktikası göstərir ki, parlament və prezident seçkiləri ilə müqayisədə bələdiyyə seçkilərinə siyasi partiyaların marağı aşağı səviyyədə olur. Lakin sabah keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərin yarıdan çoxunun siyasi partiyaların
təmsilçiləri olması seçkilərə siyasi partiyaların marağının böyük olduğunun göstəricisidir", - MSK sədri deyib.

Onun sözlərinə görə, namizədlərdən 709 nəfər bitərəfdir.

Azərbaycanda noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 330 bələdiyyə üzrə 464 yerə 1549 namizəd var. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.

Xəbər lenti

Xəbər lenti