...

Kəmaləddin Heydərov: FHN-in maddi texniki bazasının möhkəmləndirilməsi üçün ABŞ şirkətləri ilə danışıqlar aparılır

Siyasət Materials 8 Dekabr 2011 13:48 (UTC +04:00)
Bu gün Fövqəladə Hallar Nazirliyinin bütün strukturları müasir texnika və avadanlıqlarla təmin olunub.
Kəmaləddin Heydərov: FHN-in maddi texniki bazasının möhkəmləndirilməsi üçün ABŞ şirkətləri ilə danışıqlar aparılır

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Fövqəladə Hallar Nazirliyinin bütün strukturları müasir texnika və avadanlıqlarla təmin olunub. Trend-in məlumatına görə, bunu cümə axşamı Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar naharda çıxışı zamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Heydərov bildirib ki, nazirliyin maddi texniki bazasının möhkəmləndirilməsi üçün ABŞ şirkətləri ilə danışıqlar aparılır.

"Biz fövqəladə hallar sahəsində təcrübəyə malik ölkələrlə, həmçinin ABŞ-la, beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşuq. Onların təcrübələrinin öyrənilməsinə xüsusi əhəmiyyət veririk. Kadrların təcrübəsinin artırılması üçün əməkdaşlar beynəlxalq treninqlərə, ali təhsil müəssisələrinə göndərilib", - nazir çıxışında qeyd edib.

O, həmçinin bildirib ki, Azərbaycan ərazisində zəlzələ, sel, daşqın nəticəsində iqtisadiyyata müəyyən zərər dəyir.

"Bu tədbirlər nəticəsində biz təbii fəlakətlərin, fövqəladə hadisələrin ətraf mühitə təsirinin azaldılmasına, bu hadisələr zamanı insan tələfatının səviyyəsinin minimuma endirilməsinə nail olmuşuq. Buna baxmayaraq, bu sahədə görüləsi işlər çoxdur və bunları görməyə çalışacağıq", - Heydərov vurğulayıb.

Onun sözlərinə görə, son illər inkişaf edən Azərbaycan iqtisadiyyatında iri infrastruktur layihələri həyata keçirilir, ölkə iqtisadiyyatına külli miqdarda investisiyalar cəlb olunur.

"Ölkədə aparılan iqtisadi islahatlar nəticəsində dinamik inkişaf təkcə neft sektorunda deyil, qeyri-neft sektorunda da qeydə alınır. Əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır. Mövcud infrastruktur müasir avadanlıqlarla təchiz olunur. Ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi dövlətin prioritet istiqamətlərindən birinə çevrilib", - Heydərov deyib.

Xəbər lenti

Xəbər lenti