...

İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Siyasət Materials 15 Dekabr 2011 18:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

"Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ötən illər ərzində Qazaxıstan hərtərəfli və dinamik inkişaf yolu keçmişdir. Siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirilən islahatlar, dünya birliyinə inteqrasiya istiqamətində atılmış mühüm addımlar müasir Qazaxıstanın simasını formalaşdırmış, ölkənizə beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdır", - məktubda qeyd olunur.

İlham Əliyev qeyd edib ki, ortaq mənəvi dəyərlərdən qaynaqlanan Azərbaycan-Qazaxıstan münasibətləri bu gün özünün ən yüksək səviyyəsi ilə səciyyələnir. Tarixən möhkəm dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olmuş xalqlarımızın yekdil iradəsi ilə bu münasibətlər daim inkişaf etməkdə və zənginləşməkdədir.

"Məmnunluqla qeyd etmək istərdim ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bütün digər sahələrdə səmərəli əməkdaşlığımız üçün münbit zəmindir. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə işimizi müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə, hörmətli Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına sülh və firavanlıq diləyirəm", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti