...

Azərbaycan Prezidenti və xanımı əsaslı təmirdən sonra istifadəyə verilmiş Uşaq Nevroloji Xəstəxanası ilə tanış olublar (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 27 Dekabr 2011 20:37 (UTC +04:00)
Çərşənbə axşamı Bakıdakı Uşaq Nevroloji Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Prezidenti və xanımı əsaslı təmirdən sonra istifadəyə verilmiş Uşaq Nevroloji Xəstəxanası ilə tanış olublar (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:10-da yayılıb)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Çərşənbə axşamı Bakıdakı Uşaq Nevroloji Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxanada yaradılmış şəraitlə tanış olublar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına və xanımına xəstəxana ilə bağlı məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk dəfə 1969-cu ildə uşaq nevroloji kursları açılıb. Sonradan həmin kurslar əsasında 150 çarpayılıq xəstəxana yaradılıb. 1980-ci ildə isə Əməkdar Elm Xadimi, professor Törə Qədirovanın təşəbbüsü və ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Uşaq Nevroloji Xəstəxanası üçün 300 çarpayılıq yeni bina tikilib. Xəstəxananın açılış mərasimində ulu öndər Heydər Əliyev iştirak edib.

Prezident İlham Əliyev və xanımı foyedə ulu öndər Heydər Əliyevin iştirakı ilə xəstəxananın 1980-ci ildə açılışını, eləcə də dövlətimizin başçısının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafındakı xidmətlərini əks etdirən fotolara baxdılar.

Məlumat verildi ki, SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda istifadəyə verilən Uşaq Nevroloji Xəstəxanasında ötən müddətdə bir neçə dəfə təmir işləri aparılsa da, son dövrlərdə bina yararsız vəziyyətə düşmüşdü. Ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsinə dair Dövlət proqramlarına uyğun olaraq xəstəxananın altımərtəbəli binasında bu ilin fevralında başlanılmış əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə yerinə yetirilib.

Dövlətimizin başçısı və xanımı xəstəxananın birinci mərtəbəsindəki kompyuter tomoqrafiyası kabineti ilə tanış oldular. Bildirildi ki, burada quraşdırılan müasir avadanlıq tez və dəqiq diaqnoz qoymağa imkan verəcək. Birinci mərtəbədə, həmçinin intensiv terapiya palatası, ultrasəs müayinəsi, exokardioqramma, qanalma otaqları, oftalmologiya, elektroensefaloqrafiya - beyin rentgeni kabineti və laboratoriyalar fəaliyyət göstərir.

Altıncı mərtəbədəki müalicə-bərpa şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, burada ayrıca müalicə-bədən tərbiyəsi salonu yaradılıb. Lazımi avadanlıqla təchiz edilən salonda uşaqlar sağlamlıqlarını bərpa edəcəklər. Burada, həmçinin psixoloq otağı, tibb bacısı kabineti, müayinə otaqları və inzibati otaqlar, eləcə də müxtəlif tədbirlərin keçirilməsi üçün 60 nəfərlik akt zalı var. Masaj və fizioterapiya kabinetlərindəki avadanlıq da ən son texnologiyalara uyğundur.

Sonra dövlətimizin başçısı və xanımı ikinci mərtəbədəki intensiv terapiya şöbəsində yaradılan şəraitlə maraqlandılar. Bildirildi ki, burada əsasən ağır xəstəliklərin müalicəsi üçün müasir kardiomonitor, süni tənəffüs aparatı, defibrillyator və sair avadanlıq quraşdırılıb.

Qeyd olundu ki, tibb ocağının üçüncü mərtəbəsində ümumi nevroloji, dördüncü mərtəbədə isə neyroneatoloji - yeni doğulan uşaqların patologiyası şöbəsi yerləşir. Xəstəxanada gündüz stasionar şöbəsi də fəaliyyət göstərəcək.

Bütün otaqlar və palatalar uşaqların zövqünə uyğun tərtib olunub. Balacaların müayinəsi və müalicəsi zamanı onların əyləncəsi, rahat qidalanmaları da nəzərə alınıb. Nevroloji qüsurları olan uşaqların müayinəsi və müalicəsi burada yüksək səviyyədə həyata keçiriləcək.

Vurğulandı ki, 80 çarpayılıq bu müasir tibb ocağında xəstələrə 65-i həkim olmaqla 250-dən çox tibbi heyət xidmət göstərəcək.

Xəstəxanada yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti