...

Barak Obama İrana qarşı yeni sanksiyalar haqqında qanun imzalayıb

Siyasət Materials 2 Yanvar 2012 11:10 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama xüsusilə Tehrana qarşı əlavə daha sərt sanksiyaların tətbiq edilməsini nəzərdə tutan müdafiəyönümlü qanun layihəsini imzalayıb.
Barak Obama İrana qarşı yeni sanksiyalar haqqında qanun imzalayıb

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

ABŞ Prezidenti Barak Obama xüsusilə Tehrana qarşı əlavə daha sərt sanksiyaların tətbiq edilməsini nəzərdə tutan müdafiəyönümlü qanun layihəsini imzalayıb. Bu barədə bazar ertəsi Trend BBC-yə istinadən məlumat verir.

Yeni qanuna əsasən, İranın Mərkəzi Bankı ilə işləməyə davam edəcək xarici şirkətlərin ABŞ-ın maliyyə sisteminə çıxışı bağlanacaq.

Lakin ABŞ lideri qeyd edib ki, o, qəbul edilmiş qanunun ayrı-ayrı müddəaları ilə razı deyil. Bu müddəalar terrorizmdə şübhəli bilinən əcnəbi vətəndaşlara qarşı addımlarla bağlıdır.

"Bu qanunu imzalamağım ümumilikdə o mənaya gəlmir ki, mən onun bütün müddəaları ilə razıyam" , - Obama bəyan edib.

ABŞ Prezidenti qanun layihəsini məzuniyyətdə olduğu Havay adalarında imzalayıb. Yeni qanun İranın nüvə proqramı ilə bağlı gərginliyin güclənməsi fonunda qəbul edilib.

ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırılar. Tehran bütün ittihamları rədd edərək bəyan edir ki, onun nüvə proqramı istisnasız olaraq ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilib.

Bir neçə həftə əvvəl ABŞ İranın maliyyə sisteminə qarşı yönəldilmiş sanksiyalar tətbiq edib, lakin onlar birbaşa olaraq Mərkəzi Banka toxunmayıb.

Xəbər lenti

Xəbər lenti