Azərbaycan, Bakı, 3 yanvar /Trend/
Fransa Prezidenti Nikola Sarkozi bir daha bəyan edib ki, suriyalı həmkarı Bəşşar Əsəd öz postunu tərk etməli və "öz xalqına öz taleyini müəyyən etmək azadlığı verməlidir". Trend-in məlumatına görə, bu barədə RİA Novosti Frans Press agentliyinə istinadən yazır.
"(Beynəlxalq birlik) amansız represiyaları pisləyərək... məsuliyyəti öz üzərinə götürməlidir", - Sarkozi bəyan edib.
Həmçinin, Fransanın dövlət başçısı Ərəb Dövlətləri Liqasının (ƏDL) müşahidəçilərinin işləmələri üçün lazımi şəraitin yaradılmasının vacibliyini qeyd edib. Müşahidəçilərin vəzifələrinə ölkədəki vəziyyəti, o cümlədən, mülki şəxslərin öldürülməsinə görə kimin məsuliyyət daşımasını aşkara çıxarmaq daxildir.
Suriyada 9 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Son zamanlar xüsusən Livan və Türkiyə ilə sərhəd rayonlarındakı qarşıdurmalar getdikcə zorakılıq, dinlərarası xarakter alır. Gündəlik olaraq, həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları tərəfindən ölənlərin olması barədə məlumatlar daxil olur.
BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.
Müxalifət ölkə Prezidenti Bəşşar Əsədin istefasını tələb edir. Bu tələb Dəməşqə qarşı bir sıra sanksiyalar tətbiq edən ABŞ və Aİ ölkələri tərəfindən dəstəklənir.