...

Prezident İlham Əliyev: Nümunəvi tolerantlıq örnəyi kimi tanınan Azərbaycanda tarixən dinlər və etiqadlar qarşılıqlı hörmət şəraitində fəaliyyət göstəriblər

Siyasət Materials 5 Yanvar 2012 18:33 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev: Nümunəvi tolerantlıq örnəyi kimi tanınan Azərbaycanda tarixən dinlər və etiqadlar qarşılıqlı hörmət şəraitində fəaliyyət göstəriblər

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.

"Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm", - təbrikdə deyilir.

Dövlət başçısı qeyd edib ki, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər və etiqadlar əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdiriblər.

"Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın zəngin etno-mədəni palitrasında özünəməxsus yeri və rolu olan xristian icması, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ölkəmizdə gedən böyük quruculuq işlərində əsl vətəndaşlıq əzmi ilə yaxından iştirak edirlər.

Əziz dostlar! Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin. Bayramınız mübarək olsun!" - təbrikdə bildirilir.

Xəbər lenti

Xəbər lenti