Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər vəzifəsindən gedəcək və qurultayda yeni başqan seçiləcək. Bunu bazar ertəsi Trend-ə açıqlamasında partiyanın sıravi üzvü, qurultay nümayəndəsi, "Yeni Müsavat" qəzetinin təsisçisi Rauf Arifoğlu deyib.
"İsa Qəmbərin partiya başqanlığında saxlanılması müzakirəyə heç bir lüzum olmayan məsələdir. Artıq həll olunmuş məsələdir - gedəcək və yeni başqan gələcək", - Arifoğlu əlavə edib.
O bildirib ki, Müsavat Partiyasının növbəti qurultayda başqanlığına namizəd kimi yalnız Arif Hacılı öz iddiasını irəli sürüb.
"Hesab edirəm ki, Müsavat Partiyasının daxilində partiyanın başqanı seçilə biləcək çoxsaylı layiqli insanlar var. Partiya üzvləri və başqan olmaq istəyən şəxslər son qərarı verəcəklər. Qurultay nümayəndəsi kimi, Arif Hacılı daxil olmaqla, iddiaçıların kimliyinə baxaraq öz seçimimi müəyyənləşdirəcəyəm. Arif Hacılı tək namizəd kimi qurultaya getsə, mən ona səs verəcəyəm", - Arifoğlu deyib.
Onun sözlərinə görə, Müsavat Partiyasının potensialı çox güclüdür.
"Onlarla insan var ki, öz iddiasını ortaya qoya bilər və buna layiqdirlər. Hesab edirəm ki, Arif Hacılıya başqan kimi səs vermək olar", - Arifoğlu deyib.
Qeyd edək ki, Müsavat Partiyasının Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu ilin 3-4 mart tarixlərində keçirilməsi qərara alınıb.
Partiyanın rayon təşkilatları qurultaya hazırlıqla bağlı işləri yekunlaşdırıblar.
Ötən il Müsavat başqanı İsa Qəmbər başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi.