...

İran Prezidentinin müşaviri 5 il müddətinə ictimai işlərdə iştirakdan məhrum edilib

Siyasət Materials 16 Yanvar 2012 09:40 (UTC +04:00)
İran Prezidentinin KİV məsələləri üzrə müşaviri və İranın IRNA dövlət xəbər agentliyinin direktoru Əli Əkbər Cavanfekrə məhkəmənin hökmü ilə bir il şərti cəza verilib, o, həmçinin 5 il müddətinə bəzi ictimai işlərdə iştirakdan məhrum edilib.
İran Prezidentinin müşaviri 5 il müddətinə ictimai işlərdə iştirakdan məhrum edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 yanvar / Trend müxbir T.Cəfərov/

İran Prezidentinin KİV məsələləri üzrə müşaviri və İranın IRNA dövlət xəbər agentliyinin direktoru Əli Əkbər Cavanfekrə məhkəmənin hökmü ilə bir il şərti cəza verilib, o, həmçinin 5 il müddətinə bəzi ictimai işlərdə iştirakdan məhrum edilib. Bunu Cavanfekrin vəkili Qəhrəman Şöcai deyib. Bu barədə Trend İSNA agentliyinə istinadən məlumat verir.

Şöcainin sözlərinə görə, Cavanfekr beş il müddətinə partiya, qrup, birliklərə üzvlükdən, eləcə də mətbuat sahəsində işləməkdən məhrum edilib.

O əlavə edib ki, 20 gün ərzində məhkəmənin qərarından apelyasiya şikayəti verilə bilər.

Cavanfekr ölkənin aparıcı qəzetlərindən biri olan "İran"ın da baş redaktorudur.

Bir müddət öncə Tehran məhkəməsinin Cavanfekri bir il müddətinə azadlıqdan məhrum etməsi ilə bağlı məlumat yayılmışdı. Məhkəmənin qərarı ilə Cavanfekr, həmçinin üç il müddətinə mətbuat sahəsində çalışmaqdan məhrum edilmişdi. Bu xəbər sonradan İran KİV-ləri tərəfindən təkzib olundu.

Cavanfekrə qarşı "Xatun" adlı xüsusi buraxılışda İslam dininə və insani dəyərlərə zidd olan şəkil və materialları çap etmək ittihamı irəli sürülmüşdü.

Noyabr ayında Cavanfekr ölkənin "Etimad Milli" qəzetinə müsahibəsində sabiq xarici işlər naziri Mənuçöhr Müttəki və İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Əjeyiyə qarşı sərt ittihamlar irəli sürmüşdü. "Etimad Milli" qəzeti həmin müsahibənin dərcindən sonra bağlanmışdı.

Xəbər lenti

Xəbər lenti