...

Azərbaycan XİN: Fransada qondarma "erməni soyqırımı" haqqında qanun layihəsinin qəbulu regional proseslərə mənfi təsir göstərə bilər

Siyasət Materials 19 Yanvar 2012 19:27 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfiri Qabriel Keller xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən XİN-ə dəvət edilib.
Azərbaycan XİN: Fransada qondarma "erməni soyqırımı" haqqında qanun layihəsinin qəbulu regional proseslərə mənfi təsir göstərə bilər

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir A.Tağıyeva/

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən XİN-ə dəvət edilib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Xələfov Fransa səfirinə yanvar 23-də Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılacağı ilə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə edib və belə qanun layihəsinin qəbul edilməsinin regional proseslərə mənfi təsir göstərə biləcəyini diqqətə çatdırıb.

Səfir Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar olduğunu qeyd edib və Azərbaycan tərəfinin mövqeyini Fransa hökumətinə çatdıracağını bildirib.

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Senatın qanun layihəsini yanvarın 23-də gündəliyə daxil edəcəyi gözlənilir.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur. Bu qərara cavab olaraq, Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim etmişdilər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti