Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin layihəsi ilə tanış oldu. Qeyd edildi ki, mərkəzin yaxınlığında eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan "Zəfər tağı" inşa ediləcək. "Zəfər tağı"nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da olacaq. Meydançaya qalxmaq üçün 2 lift və pilləkənin quraşdırılması nəzərdə tutulur.
Bildirildi ki, mərkəzin üç mərtəbədən ibarət olacaq binasının ümumi sahəsi 4 min 500 kvadratmetrdir. Birinci mərtəbədə sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın tarixini və müasir inkişafını əks etdirən ekskursiya zalı, elektron və adi kitabxana, üçüncü mərtəbədə köməkçi otaqlar, müşavirə-konfrans zalı və 400 yerlik iclas zalı olacaq.
Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.
Dövlətimizin başçısı beton qarışığı tökən qurğunun düyməsini basdı.
Azərbaycan Prezidenti mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.