...

Azərbaycanın hakim partiyası Fransa parlamentinin qəbul etdiyi qanuna sərt reaksiya verib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Yanvar 2012 15:06 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 12:44-də yayılıb)

Azərbaycan, Bakı, 24 yanvar / Trend müxbir M.Əliyev/

Fransa parlamenti qondarma "erməni soyqırımı"nı inkar etməyə görə cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməklə qeyri-ciddi addım atıb. Bunu çərşənbə axşamı Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

"Orta əsrlərdə insanları Allaha inanmadığına görə edam edirdilər. Bolşeviklər isə Allaha inananlara cəza verirdilər. Lakin nə inkvizisiya məhkəmələri Allaha inananların, nə də bolşevik təqibləri ateistlərin sayını artırdı. Demək ki, qanunlarla, qadağalarla insanların inamını dəyişmək mümkün deyil. Müasir dövrdə, xüsusilə də Avropada, insanların inamını dəyişmək məqsədi güdən qanunun qəbul edilməsi gülüncdür", - Əhmədov deyib.

Onun sözlərinə görə, bu qanun insan haqları, sərbəst düşüncə prinsiplərinə və dəyərlərinə tamamilə ziddir və hər hansı müsbət nəticəyə gətirib çıxarmayacaq.

YAP-ın sədr müavini deyib ki, belə qanunu qəbul etməklə Fransa böyük bir ədalətsizliyə yol verdi, çünki bu, insanların düşüncələrinə təsir göstərmək cəhdidir.

Əhmədov vurğulayıb ki, belə qanunun qəbul olunması Azərbaycanda Fransanın Minsk qrupundakı fəaliyyətinə də inamsızlıq yaradacaq.

"Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk qrupunun həmsədrlərindən biridir. İndi Azərbaycan vətəndaşlarının hər birində sual yaranacaq - Ədalətsiz qərar qəbul edən dövlət Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ədalətli mövqe tuta bilərmi? Fransa bu qanunu qəbul etməklə açıq şəkildə ermənipərəst mövqeyini nümayiş etdirib və Avropada erməni maraqlarının qoruyucusu kimi çıxış edir. Belə olan halda erməni lobbiçisi Fransa Ermənistanla Azərbaycan arasında yaranmış münaqişəni aradan qaldırmaqda ədalətli ola bilərmi?", - Əhmədov deyib.

Onun sözlərinə görə, belə qanunu qəbul etməklə Fransa Minsk qrupu çərçivəsində öz üzərinə götürdüyü vasitəçilik missiyasına xəyanət edib.

"Vasitəçi bitərəf olmalıdır və münaqişəyə cəlb olunmuş tərəflərin heç birinə xüsusi münasibət ifadə etməməlidir. Fransa isə açıq şəkildə Ermənistanın lobbiçisi missiyasını həyata keçirir. Demək, o öz üzərinə götürdüyü vasitəçi missiyasına xəyanət edir. Bununla da Minsk qrupunda vasitəçilik etməklə bağlı öz mənəvi haqqını itirir. Bu, Minsk qrupuna Fransa tərəfindən vurulan zərbədir", - Əhmədov deyib.

Dünən Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti