...

Prezident İlham Əliyev: Azərbaycan ilə Albaniya arasında çox yaxşı münasibətlər və möhkəm əlaqələr var (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 Fevral 2012 19:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Albaniyanın Baş naziri Sali Berişanı qəbul edib.
Prezident İlham Əliyev: Azərbaycan ilə Albaniya arasında çox yaxşı münasibətlər və möhkəm əlaqələr var (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:10-da yayılıb)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Albaniyanın Baş naziri Sali Berişanı qəbul edib.

Baş nazir Sali Berişa ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun ölkəmizə ilk səfərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olduğunu qeyd edib. Azərbaycan ilə Albaniya arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev səfər zamanı əlaqələrimizin genişləndirilməsinə dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların ölkələrimizin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətini qeyd edib.

Albaniyanın Baş naziri Sali Berişa Azərbaycana səfər etməsindən böyük şərəf duyduğunu deyib. Albaniyalılar üçün Azərbaycanın dost ölkə olduğunu vurğulayan Baş nazir bildirib ki, səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini daha da inkişaf etdirməkdir. Əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sali Berişa bu cür səfərlərin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Sali Berişa Albaniya İctimai Televiziyasının müxbirinin sualına cavab veriblər.

"Bizim çox yaxşı münasibətlərimiz, möhkəm əlaqələrimiz vardır. Biz cənab Baş nazir ilə müxtəlif beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Lakin biz ilk dəfədir ki, Azərbaycanda görüşdük. Mən cənab Baş naziri bir neçə dəfə səfərə dəvət etmişəm və onu burada görməyimdən şadam.

Bu gün biz bir çox məsələlərə - siyasi əməkdaşlıq, iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığa dair geniş müzakirələr apardıq. Bütün bu məsələlərə dair fikirlərimiz üst-üstə düşür. Şübhəm yoxdur ki, bu səfərdən sonra biz ölkələrimiz arasında əlaqələrin daha sürətli inkişafının şahidi olacağıq və çox gözəl nəticələr əldə edəcəyik", - Prezident İlham Əliyev deyib.

"Prezident İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Səfərimin əsas məqsədi iki ölkə arasında dostluq əlaqələrini və münasibətləri daha da möhkəmləndirməkdir. Mənim üçün, Albaniya xalqı üçün Azərbaycan yaxın dost ölkədir. Mən cənab Prezident İlham Əliyev ilə əvvəllər olduğu kimi, bu dəfə keçirdiyim səmimi görüşdə də eyni mühitin, isti münasibətin və iradənin şahidi oldum. Mən cənab Prezidenti Albaniyaya səfərə dəvət etmişəm və onunla tamamilə razıyam ki, bundan sonra da iki ölkə arasında münasibətlərdə yeni səhifələrin açılması üçün daha da sıx işləyəcəyik", - Baş nazir Sali Berişa bildirib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Sali Berişa birgə nahar ediblər.

Xəbər lenti

Xəbər lenti