...

Albaniya Azərbaycanla neft-qaz və turizm sahələrində əməkdaşlığa böyük maraq göstərir

Siyasət Materials 9 Fevral 2012 19:59 (UTC +04:00)
Azərbaycan spikeri Oqtay Əsədov Albaniyanın Baş naziri Sali Berişanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Albaniya Azərbaycanla neft-qaz və turizm sahələrində əməkdaşlığa böyük maraq göstərir

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Azərbaycan spikeri Oqtay Əsədov Albaniyanın Baş naziri Sali Berişanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in cümə axşamı Milli Məclisin rəsmi saytına istinadən yaydığı məlumata görə, Əsədov qeyd edib ki, Azərbaycan Albaniya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

"Ölkələrimiz arasında energetika, elm, təhsil, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafı üçün geniş imkanlar var", - spiker qeyd edib.

Əsədov bildirib ki, dövlətlərarası münasibətlərin dərinləşməsində parlamentlər mühüm rol oynayır. Bu sahədə faydalı əməkdaşlıq üçün potensial imkanlar mövcuddur. Hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir.

Görüşdə Milli Məclis sədri bildirib ki, dinamik inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemi var. BMT, AŞ PA və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. "Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Bu məsələdə Albaniyanın Azərbaycanın mövqeyini gələcəkdə də dəstəkləməsinə ümid edirik. İnanırıq ki, beynəlxalq birliyin səyi nəticəsində münaqişə tezliklə aradan qalxacaq", - Əsədov deyib.

Sali Berişa Albaniyanın Baş naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini söyləyib. Qonaq səfər çərçivəsində keçirilən görüşlərin və aparılan danışıqların əhəmiyyətini vurğulayaraq münasibətlərimizin böyük gələcəyi olduğuna inamını bildirib. Baş nazir Azərbaycanın xeyli inkişaf etdiyini xüsusi qeyd edərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemində rolunun günbəgün artdığını deyib.

Qonaq ölkəsinin Azərbaycanla bərpa olunan enerji mənbələrinin istismarı, neft-qaz sənayesi, turizm sahələrində əməkdaşlığa böyük maraq göstərdiyini söyləyib. Sali Berişa əlaqələrimizin daha da dərinləşməsində parlamentlər səviyyəsində münasibətlərimizin inkişafının vacibliyini vurğulayıb.

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Albaniyada səfiri Rəhman Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti