...

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq potensialı tükənməyib - səfir

Siyasət Materials 20 Fevral 2012 18:36 (UTC +04:00)

Qazaxıstan, Astana, 20 fevral /Trend, müxbir L.Podolyak/

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq potensialı tükənməyib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov bildirib.

"İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri qurulub. Aramızda söz və fikir ayrılığına səbəb ola biləcək siyasi məsələlər yoxdur. İqtisadiyyatda əməkdaşlıq çox yaxşı gedir, artım var, lakin hesab edirəm ki, əməkdaşlıq potensialı tükənməyib, biz bunun üzərində işləməliyik. Bunun üçün biznes forumlar keçirilir. Ötən il Aktauda regional biznes forum keçirilib, cari ildə Astana və ya Almatıda Qazaxıstan-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır", - səfir qeyd edib.

Həşimov iki ölkənin sahibkarları arasında əməkdaşlığın qarşılıqlı faydalı sahələrini (məsələn, ticarət sahəsi) qeyd edib. Onun sözlərinə görə, Azərbaycan böyük miqdarda meyvə və tərəvəzi hazırda uyğun coğrafi mövqeyi səbəbindən təkcə Manqistau bölgəsinə deyil, həmçinin Astana və ölkənin digər regionlarına ixrac edə bilər. Gəmilərin təmir edilməsi sahəsi də açıq olaraq qalır.

Həşimovun sözlərinə görə, iki ölkə arasında mədəni əlaqələr də inkişaf edir. Belə ki, artıq cari ilin yazında Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu çərçivədə ölkənin mədəniyyət sahəsində nailiyyətləri nümayiş etdiriləcək, rəsm sərgiləri, musiqi konsertləri keçiriləcək, filmlər göstəriləcək. İlin sonunda Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti