...

Prezident İvo Yosipoviç: Azərbaycan və Xorvatiya iqtisadi əməkdaşlığı regional yanaşma baxımından inkişaf etdirməlidir (FOTO)

Siyasət Materials 12 Mart 2012 21:03 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin bazar ertəsi mətbuat konfransı olub.
Prezident İvo Yosipoviç: Azərbaycan və Xorvatiya iqtisadi əməkdaşlığı regional yanaşma baxımından inkişaf etdirməlidir (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin bazar ertəsi mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.

"Xorvatiya tərəfi səmimi qəbula görə çox minnətdardır. Biz özümüzü dostlarımızın arasında hiss edirik. Ölkələrimiz arasında olan siyasi münasibətlər qeyd edildiyi kimi, əladır. Yəni indi bizim qarşımızda duran vəzifə iqtisadi əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlıdır. Bu səbəbdən Azərbaycana belə bir mühüm nümayəndə heyəti ilə gəlmişik. Cənab Çaçiç bizim hökumətin üzvüdür, Baş nazirin birinci müavinidir. O, iqtisadi məsələlərlə xüsusi olaraq məşğul olur. Həmçinin, çox məmnunam ki, bu gün biz sərmayədarlarımızın, bizim podratçıların, müəssisə rəhbərlərinin forumunda iştirak edəcəyik. O insanlar istəyirlər ki, əməkdaşlıq etsinlər və onların bəziləri artıq Azərbaycan hökuməti və Azərbaycan müəssisələri ilə əməkdaşlıq barədə danışıqlar aparırlar.

Sizin burada qeyd etdiyiniz bütün məsələlər bizim çox məhsuldar danışıqlarımızı və söhbətimizi əks etdirir. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz iqtisadi əməkdaşlığımızı regional yanaşma baxımından inkişaf etdirməliyik", - Xorvatiya Prezidenti bildirib.

İvo Yosipoviç qeyd edib ki, Xorvatiya tərəfi enerji, gəmi tikintisi, kənd təsərrüfatı, hərbi müdafiə sənayesi, istehkam əməliyyatları sahələrində və bir çox digər sahələrdə əməkdaşlıq edə bilər.

"Siz, həmçinin hazırkı dünyada münaqişələr məsələsinə də toxundunuz. Dağlıq Qarabağ münaqişəsi tək deyildir, bu münaqişələr çoxdur. Xorvatiyada da müharibə zamanı biz torpaqlarımızın zəbt olunması ilə üzləşdik. Mən çox şadam ki, məhz Sizin yanaşmanız məsələnin daha çox sülh yolu ilə həllinə yönəlib. Bilirəm ki, sülh olmadan yaxşı münasibətlər - ticari, iqtisadi münasibətlər mümkün deyildir. Nümayəndə heyətlərimiz, həmçinin fərdi qaydada bir çox məsələləri - nəinki iqtisadi əməkdaşlığı, digər məsələləri də müzakirə edəcəklər.

Bu gün imzaladığımız üç saziş gələcək əməkdaşlığımız üçün olduqca vacibdir. İnanırıq ki, onlar münasibətlərimizə töhfə verəcəkdir və biz turizm sahəsində əməkdaşlıqda çox maraqlıyıq. Bu gün nəinki Avropadan, həmçinin Şərqi Avropadan, Şərqdən turistlərin gəlişini müşahidə edirik. Biz çox şad olardıq ki, azərbaycanlı dostlarımızı da Xorvatiyada görək. Müzakirə etdiyimiz olduqca mühüm məsələlər nəinki iqtisadi əməkdaşlığa, o cümlədən mədəni əməkdaşlığa da aiddir", - Yosipoviç deyib.

Xorvatiya Prezidenti qeyd edib ki, mədəni sahədə qarşılıqlı anlaşma həm siyasi, həm iqtisadi münasibətlərin inkişafı üçün də vacibdir.

"Mən Sizin məhz regiondakı sərmayələrlə bağlı bəyanatınızla çox maraqlandım. Bu, bizim üçün çox vacibdir. Çünki hər iki ölkənin müxtəlif sahələrdə potensialı mövcuddur. Mən, həmçinin Sizin məhz sosial sahəyə daha məsuliyyətlə yanaşmağınızla bağlı bəyanatınızla da maraqlandım. Bu da çox vacibdir, çünki Xorvatiya sosialyönümlü ölkədir. Əslində biz məhz insanları nəzərə alan iqtisadiyyatın inkişaf etdirilməsində maraqlıyıq. Qonaqpərvərliyə görə çox sağ olun. Münasibətlərimizin daha da yaxşılaşdırılmasına və iqtisadi əməkdaşlığın inkişafına yönəltdiyiniz səylərə görə təşəkkürümüzü bildiririk", - İvo Yosipoviç bildirib.

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

- Draqan Nikoliç (Xorvatiya televiziyası): Zati-aliləri, mənim sualım Xorvatiya Prezidenti cənab Yosipoviçədir. Sualım belədir: Azərbaycanın enerji baxımından Avropa İttifaqı üçün və həmçinin Xorvatiyaya qaz təchizatı baxımından potensialını nəzərə alaraq bilmək istəyirəm ki, məhz Azərbaycan qazının alınması ilə bağlı hər hansı bir müzakirə olubmu?

- Prezident İvo YOSİPOVİÇ: Bəli, biz nəinki bu məsələni, ümumiyyətlə, bütövlükdə enerji ilə bağlı olan vəziyyəti müzakirə etdik. Baş nazirin birinci müavini cənab Çaçiç də bu müzakirələrdə iştirak etdi. Biz istəyirik ki, əməkdaşlıq edəcəyimiz bu sahələri genişləndirək. Biz bilirik ki, məhz bu sahədə Avropaya təchizatlar artıq başlayır. Biz bu layihələrdə iştirakda çox maraqlıyıq. Nümayəndə heyətlərimiz, xüsusən də onun bəzi üzvləri bu gün hökumətin üzvləri ilə görüşəcəklər. Bildirmək istəyirəm ki, Baş nazirin birinci müavini cənab Çaçiç bu gün Azərbaycanın iqtisadiyyat naziri ilə görüşəcəkdir. Bütün bunlar bizim üçün əhəmiyyətlidir.

- Şaiq Məmmədov (Azərbaycan televiziyası): Mənim sualım hər iki prezidentədir. Azərbaycan Xorvatiyada məhz hansı konkret sahələrdə sərmayələr qoya bilər?

- Prezident İvo YOSİPOVİÇ: Mənim nə isə əlavə etməyim üçün bir məsələ yoxdur. Biz elə bu məsələləri müzakirə etdik. Mən artıq qeyd etdiyim kimi, Xorvatiya şirkətləri vardır ki, onlar Azərbaycan ilə əməkdaşlıq edir, xüsusən də gəmi tikintisi sahəsində. Hazırda bir Xorvatiya şirkəti ölkədə fəaliyyət göstərir. Zənnimcə, ümidvaram ki, ona daha çox imkanlar açılacaqdır. Hesab edirəm ki, həm Azərbaycan şirkətləri üçün Xorvatiyada, həm də xorvat şirkətləri üçün Azərbaycanda yaxşı şərait yaradılacaqdır. Hesab edirəm ki, hər iki tərəf məhz bunu etiraf edə bilər. Azərbaycan da biznes tərəfdaşları üçün bu cür imkanlar yaradır. Çox sağ olun.

Xəbər lenti

Xəbər lenti