...

Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunda bir sıra obyektlərin açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 13 Mart 2012 13:11 (UTC +04:00)
Prezident İlham Əliyevə məlumat verildi ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Müasir olimpiya kompleksinin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artıracaqdır
Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunda bir sıra obyektlərin açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

İdmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə məlumat verildi ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Müasir olimpiya kompleksinin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artıracaqdır.

Dövlətimizin başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanmış, inşaat işləri yüksək səviyyədə aparılmışdır. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda,
Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

Qeyd edildi ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait vardır. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir.

Bildirildi ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, rayonun idman məktəbinin yetirmələri Cəbrayıl Həsənov və Sona Əhmədli İstanbulda sərbəst güləş üzrə keçirilən dünya çempionatında bürünc medal qazanmışlar. Cəbrayıl Həsənov 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Bundan başqa, Azərbaycan Şahmat Federasiyasının qərarı ilə rayonun şahmat məktəbində bir həftə ərzində 150 idmançı arasında respublika çempionatı keçirilmişdir. 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. Yeni tikilmiş Olimpiya İdman Kompleksi isə "İdman ili"nə ən böyük hədiyyədir.

Dövlətimizin başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış oldu.

Prezident İlham Əliyev kompleksin açılışı mərasimində çıxış etdi.

Yüngül atletika üzrə 16 qat Azərbaycan çempionu Fikrət Qafarov idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşmüşdü. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir.

Qeyd edildi ki, xəstəxananın birinci mərtəbəsində qəbul, mama-ginekologiya şöbələri, əməliyyat bloku, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, 10 palata, mətbəx, bufet və xidməti otaqlar vardır. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya və intensiv terapiya şöbələri, əməliyyat bloku, iki əməliyyat zalı, iki intensiv terapiya palatası, 11 palata, mətbəx, bufet və xidməti otaqlar yerləşir. Üçüncü mərtəbədə isə terapiya şöbəsi, 13 palata, mətbəx, bufet və xidməti otaqlar fəaliyyət göstərir. Xəstəxananın ərazisi abadlaşdırılmış, 1,5 hektar sahədə müasir tələblərə cavab verən yeni istirahət parkı salınmış, yaşıllıq zolağı genişləndirilmişdir. Parkda yay istirahət yerləri quraşdırılmışdır.

Dövlətimizin başçısı xəstəxananın kollektivi ilə görüşdü.

Kollektiv adından çıxış edən həkim Aliyə Həsənova ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev həmçinin Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ümumi sahəsi 700 kvadratmetr olan ikimərtəbəli binanın tikintisinə ötən ilin mayında başlanmışdır. Binada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin həyat və fəaliyyətini, Astara rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və xidməti otaqlar da vardır.

Qeyd edildi ki, hazırda YAP Astara rayon təşkilatının üzvlərinin sayı 5 min 831 nəfərdir.
Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti