...

Vüqar Rəhimzadə: Şəxsi məqsədlər naminə dövlətə böhtan atmaq mənəviyyatsızlıqdır

Siyasət Materials 15 Mart 2012 15:17 (UTC +04:00)
Düşmən dəyirmanına su tökmək, torpaqlarımızın 20 faizini işğal altında saxlayan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olan erməni və ermənipərəst qüvvələrlə işbirliyində olmaq vətənə, xalqa xəyanət deyilmi?
Vüqar Rəhimzadə: Şəxsi məqsədlər naminə dövlətə böhtan atmaq mənəviyyatsızlıqdır

Vüqar Rəhimzadə- "İki sahil" qəzetinin baş redaktoru

Düşmən dəyirmanına su tökmək, torpaqlarımızın 20 faizini işğal altında saxlayan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olan erməni və ermənipərəst qüvvələrlə işbirliyində olmaq vətənə, xalqa xəyanət deyilmi?

Azərbaycan demokratik, hüquqi dövlətdir, sivil dəyərləri dünəninin, bu gününün və gələcəyinin əsası kimi qəbul edir. İnsan hüquq və azadlıqlarının qorunması demokratik cəmiyyətin varlığını təsdiqləyən amil kimi daim dövlətimizin həyata keçirdiyi siyasətin önündə dayanır. Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bir əsas reallığı da qeyd edək ki, ölkəmiz daim yeniliyə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin tətbiqinə səy göstərir. Həyata keçirilən islahatların zamanın tələbinə uyğunlaşdırılması bugünkü uğurlarımızda əsas rol oynayır. Bu yeniliklər həm də müxtəlif sahələrin inkişafına yönələn qanunlarımızda öz əksini tapır. Yəni qəbul olunan qanunlar dəyişməz hesab edilmir, daim təkmilləşir, yeniləşir. Milli Konstitusiyamızın qəbulundan ötən dövr ərzində iki dəfə referendumun keçirilməsi, bir çox maddələrə əlavə və dəyişikliklərin edilməsi də deyilənlərin təsdiqidir. 2009-cu ilin martında keçirilən ümumxalq səsverməsi zamanı Konstitusiyanın 29-dan çox maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliyin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə yönəlib. Bu fakt beynəlxalq təşkilatların, dövlətlərin hesabatlarında da öz əksini tapır ki, insan amili Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasında dayanır. Əfv fərmanlarının, amnistiya aktlarının imzalanması, on minlərlə məhkumun azadlığa qovuşması dövlətimizin humanizm siyasətinin əsas tərkib hissəsidir. Ən əsası dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 18 iyunun İnsan haqları günü kimi təsis edilməsi bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. İlk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan 20 illik müstəqillik tarixində bu sahədə biri-birindən əhəmiyyətli uğurlara imza atmaqla daim beynəlxalq birliyin diqqət mərkəzində olub. Bu gün ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, demokratiya təcrübəsinin, iqtisadi inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi bir daha bu gerçəkliyi təsdiqləyir ki, Azərbaycanın seçdiyi yol düzgündür, uğurludur.

Təbii ki, bu reallıqlara bir daha nəzər salmağımızı şərtləndirən səbəb var. Bir Azərbaycan vətəndaşı olaraq uğurlarımızla qürur duyub, ölkəmizə qarşı aparılan əsassız təbliğata mövqeyimizi bildirməliyik. Çox təəssüflər olsun ki, daxili bədxahlarımızın şəxsi maraqlarının girovuna çevrilmələri onların xarici dairələrin əlində oyuncaq olmasına əsas verir.

Dövət başçısı İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkəmizin bütün sahələrdə qazandığı uğurları önə çəkərək bir daha bu fikri bəyan etmişdir: "Bizim siyasi çəkimiz, iqtisadi gücümüz artır. Bunu bizi istəyənlər də görür, istəməyənlər də. Bizim uğurlarımıza sevinənlərin sayı kifayət qədər çoxdur. Amma istəməyən qüvvələr də, bədxahlar da vardır. Onları da bir neçə qrupa bölmək olar." Təbii ki, bu qruplar arasında Azərbaycanın uğurlarına böyük qısqanclıq hissi ilə yanaşan antiazərbaycan qüvvələr xüsusi yer tutur. Həmin dairələr daim ölkəmizin imicinə zərbə vurmaq üçün müxtəlif yollara əl atır, cızdıqları ssenarilərin icraçısı kimi daxili bədxahlarımızı seçməklə onların iç üzünü, hansı məqsəd uğrunda çalışdıqlarını bir daha ictimaiyyətə açıqlayırlar. Radikallığı, inkarçılığı fəaliyyətlərinin əsas istiqamətinə çevirən bəzi müxalifət liderləri öz şəxsi maraqlarının əsiri olmalarının ucbatından xarici dairələrin qarşısında diz çökərək onlara dəstək vermələri üçün yalvarışlar edirlər. Sözsüz ki, həmin dəstəyin qarşılığında o qüvvələr radikallardan hazırladıqları ssenarilərin oyunçusu olmalarını tələb edəcək. Bu tələbin hansı səviyyədə yerinə yetirilib-yetirilməməsi isə istər xarici antiazərbaycan qüvvələrlə, istərsə də xarici ölkələrin Azərbaycandakı bəzi səfirliklərinin əməkdaşları ilə görüşlərində aldıqları "mükafatlardan" bəlli olur.

Bu gün xalqımız "Eurovision-2012" mahnı müsabiqəsinin sevincini yaşayır. Dünyaya səs salan bu yarışma Azərbaycanın bir daha özünü təsdiqləməsində əhəmiyyətli rol oynayacaq. Dünyanın 43 ölkəsinin təmsilçisinin bu yarışmaya böyük ruh yüksəkliyi ilə qatılması eyni zamanda ölkəmizə olan diqqət və maraqdan irəli gəlir. Bu sevinci yaşamayan yalnız və yalnız radikal müxalifət liderləri və onların əsarətinə çevrilən mətbu orqanlardır. Son zamanlar öz çirkin niyyətini diqqətdən yayındırmaq üçün özü barədə "vətənpərvər lider" görüntüsü yaratmağa çalışan AXCP sədri Əli Kərimlinin inhisarında olan "Azadlıq" qəzetində "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı dərc olunan çirkab və qərəzlə dolu yazıların erməni mətbuatında yer alması, hətta manşetə çıxarılması onun necə xalq, vətən üçün çalışdığını təsdiqləyir. Düşmən dəyirmanına su tökmək, torpaqlarımızın 20 faizini işğal altında saxlayan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olan erməni və ermənipərəst qüvvələrlə işbirliyində olmaq vətənə, xalqa xəyanət deyilmi?

Bu qüvvələrə xidmət edən mətbu orqanlarda manşetə çıxarılan fikirlərə diqqət yetirməklə onların hansı məqsəd naminə çalışdıqları aydın görünür. Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə seçilən təşkilatların əsassız açıqlamaları daim bu qüvvələrin əlində məqsədli planlarını həyata keçirmək üçün bir vasitə rolunu oynayır. "Fredoom House", "Amnesty İnternational" kimi beynəlxalq insan haqları təşkilatlarının hesabatları həmin qüvvələrin istinad etdiyi mənbədir. "Fredoom House" o təşkilatdır ki, Dağlıq Qarabağı Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi qeyd edir, işğalçı dövləti "azad ölkələr" sırasına daxil edir. Eyni fikirlərlə "Amnesty İnternational" təşkilatı da çıxış edir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərə radikal müxalifət liderlərinin və onların əlində alətə çevrilən mətbu orqanların əsassız məlumatlarına istinad edərək kölgə salan həmin təşkilatlar daim qınağa tuş gəlirlər. Radikalların özlərinin ötürdüyü qərəzli məlumatları həmin təşkilatların adından açıqlamaları, bundan ictimai fikri çaşdırmaq üçün bir vasitə kimi istifadə etmələri ikrah hissi doğurur. Yazının əvvəlində dövlətimizin insan hüquq və azadlıqlarının qorunması istiqamətində atdığı addımların yalnız az bir hissəsini qeyd etdik. Azərbaycan vətəndaşlarına bütün azadlıqlar verilib və yüksək səviyyədə qorunur. "Vətəndaşların sərbəst toplaşmaq azadlığı haqqında" qanuna beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq sayəsində edilən əlavə və dəyişikliklər də daim yüksək dəyərləndirilir. Çox təəssüflər olsun ki, Azərbaycanın demokratik ölkə imicinə zərbə vurmağı qarşılarına ən ümdə məqsəd kimi qoyan radikal qüvvələr aksiyaların keçirilməsi üçün nəzərdə tutulan yerlərlə razılaşmayaraq, daha çox şəhərin mərkəzi meydanlarına can atırlar. İcazə verilmədikdə isə sərbəst toplaşmaq azadlığının pozulduğunu iddia edir, əsassız düşüncələrini beynəlxalq təşkilatlara həqiqət kimi sırımağa çalışırlar. Radikalların təmsil olunduqları "İctimai palata"nın aprel ayından icazəsiz aksiyalara başlamaq planı da onların çirkin niyyətlərinin əsas tərkib hissələrindəndir. Bu qüvvələrin hansı ərəfələrdə daha çox belə aksiyalara önəm verdikləri bəllidir. Dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir zamanda belə addımlar heç zaman həmin qüvvələrə başucalığı gətirməz.

Məlumdur ki, radikallar son zamanlar belə bir məlumatı dövriyyəyə buraxdılar ki, "Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı Avropa ölkələrini mayda keçiriləcək "Eurovision" mahnı müsabiqəsini boykot etməyə çağırıb. Heç bir əsası olmayan bu çağırışı böyük sevinc hissi ilə qeyd etmək riyakarlıqdır. Amma həmin qüvvələrin bu sevinci uzun sürmədi. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Con Dalhuysen "Yeni Müsavat"a təkzib məktubunda bildirib ki, "Amnesty İnternational" Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsini boykota çağırmayıb. Təşkilat inanır ki, bu müsabiqə xaricdən gələn qonaqlara Azərbaycanı tanımağa imkan yaradacaq. Bu, radikalların son zamanlar istinad etdiyi və bundan böyük fərəh duyduğu "Amnesty İnternational" təşkilatının təmsilçisinin açıqlamasıdır. Hər halda bu təkzib həmin qüvvələri narahat etdiyi qədər də ciddi düşündürməlidir. Bu baxımdan ki, beynəlxalq təşkilatın təmsilçisi müsabiqənin Azərbaycan üçün önəmini dərk edərək, həmin təkzibin verilməsini zəruri bilir, lakin saxta vətənpərvərlik görüntüsü yaradan daxili bədxahlarımız bu uğurumuza kölgə salmaq cəhdlərindən əl çəkmək barədə düşünmür. Bunun yalnız bir adı var: mənəviyyatsızlıq!..

Xəbər lenti

Xəbər lenti