Prezident İlham Əliyev: Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə sadiqdir (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə sadiqdir (FOTO)

Azərbaycan, Bakı, 19 mart / Trend/

Mən sizi və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə səadət, uğurlar arzulayıram. Novruz Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev bazar ertəsi Bakıda keçirilən Novruz şənliyində çıxışı zamanı deyib.

"Xalqımız əsrlər boyu bu gözəl bayramı qeyd edir. Hər bir ailədə Novruz əziz bayram kimi qeyd edilir. Müstəqil Azərbaycan ancaq 20 ildir ki, Novruzu dövlət bayramı kimi qeyd edir. İyirmi il ərzində bu bayram, doğrudan da, həm rəsmi bayram kimi qeyd edilir, həm geniş şəkildə, bütün ölkəmizdə hər bir Azərbaycan vətəndaşı baharın gəlişinə sevinir, hər bir Azərbaycan ailəsi bu bayram günlərində bir yerdə olur. Bir neçə il bundan əvvəl Azərbaycanda Novruz bayramının beş gün qeyd edilməsi ilə bağlı imzaladığım Sərəncamın da məqsədi məhz ondan ibarət idi ki, bu Novruz günlərində hər bir Azərbaycan ailəsi bu bayramı qeyd etsin. Şənbə və bazar günlərini də əlavə etsək, bu il bayram günləri yeddi gündür" İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə sadiqdir.

"Dövlətimiz bu dəyərlər üzərində qurulubdur. İyirmi il ərzində milli dəyərlərə münasibətimiz, milli ənənələrimizə hörmətimiz bizi daha da gücləndirdi. Bu gün müstəqil Azərbaycan bu əsaslı və güclü milli təməl üzərində öz gələcəyini qurur. Biz müasir dövlət qururuq, dünyaya inteqrasiya edirik, dünya proseslərində uğurla, fəal iştirak edirik. Ancaq çox güclü milli mənəvi dəyərlərimiz bizim üçün əsasdır.
Biz ümumbəşəri dəyərlərə sadiqik, ümumbəşəri dəyərləri bölüşürük. Milli dəyərlər isə bizim üçün həm keçmişimizə olan münasibətdir, hörmətdir, eyni zamanda, gələcəyə atılan addımlardır. Mən çox şadam ki, Azərbaycanda gənclər də milli mənəvi dəyərlər əsasında tərbiyə olunurlar. Gənclər milli ruhda böyüyürlər. Milli ruhun yüksək səviyyədə olması bizi - azərbaycanlıları bir xalq kimi daim yüksəklərə qaldıracaqdır" Prezident çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, əsrlər boyu xalqımız müstəqillik arzusu ilə yaşamışdır.

"Biz müxtəlif ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq milli mənliyimizi heç vaxt itirməmişik. Hər zaman milli dəyərlər, Azərbaycan dəyərləri bizi daha da gücləndirirdi. Xalqımız üçün ən çətin anlarda bir millət kimi özümüzü qorumaq üçün, ilk növbədə, milli dəyərlərimiz, ənənələrimiz, milli bayramlarımız, ana dilimiz öz rolunu oynamışdır.
Bundan sonra müstəqil dövlət kimi Azərbaycan yalnız inkişaf yolu ilə gedəcəkdir. Müstəqilliyimizin qısa tarixi bunu deməyə əsas verir. İyirmi il tarix baxımından kiçik bir dövrdür. Ancaq bu illər ərzində ölkəmiz çox uğurlu yol keçmişdir. Müstəqilliyimizi bərpa etdikdə Azərbaycanda gedən xoşagəlməz proseslər faktiki olaraq müstəqilliyimizi əlimizdən ala bilərdi. Ölkədə hökm sürən xaos, anarxiya, səriştəsizlik, siyasi rəhbərliyin xəyanəti ölkəmizi uçurum kənarına qoymuşdu. Ulu öndər Heydər Əliyevin Azərbaycana gəlməsi, Azərbaycan xalqının ona göstərdiyi etimad və inam vəziyyəti köklü şəkildə dəyişdirə bilmişdir. Ölkəmiz 1993-cü ildən bu günə qədər inkişaf yolunu yaşayır, beynəlxalq mövqelərimiz möhkəmlənir, daxildə vəziyyət müsbət istiqamətdə inkişaf edir. Azərbaycan dünya miqyasında ləyaqətli ölkə kimi özünü tanıtdıra bilmişdir" dövlət başçısı deyib.

İlham Əliyevin sözlərinə görə,iİyirmi il ərzindəki uğurlar deməyə əsas verir ki, ölkəmiz bundan sonra da inkişaf edəcək və Azərbaycan dünya miqyasında daha da böyük yerə malik olacaqdır.

"Keçən ilin oktyabr ayında biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına seçildik. Bu, deyə bilərəm ki, 20 illik müstəqil həyatımızın və uğurlu siyasətimizin məntiqi nəticəsi olmuşdur. Təsadüfi deyildir ki, BMT Təhlükəsizlik Şurasına seçilməyimiz müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf etmişdir. Bu, heç də təsadüfi deyildir. Bu, təsadüfdə əslində çox böyük məna, çox böyük rəmzi xarakter vardır. Çünki 20 il ərzində ölkəmiz o qədər inkişaf edib və dünyaya özünü o qədər tanıtdıra bilib ki, dünya birliyi bizə inandı, bizi dəstəklədi. 155 ölkənin Azərbaycana inanması və Azərbaycanı çox fəal şəkildə müdafiə etməsi bizim böyük uğurumuzdur, Azərbaycan dövlətinin böyük nailiyyətidir.
Biz artıq BMT-də fəal işə başlamışıq. Əvvəlki dövrlərdə qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasında ədaləti müdafiə edəcəyik. Dünyada buna böyük ehtiyac vardır. Biz beynəlxalq hüququ müdafiə edəcəyik. Çünki bəzi hallarda beynəlxalq hüquq işləmir, beynəlxalq hüquq normaları tapdalanır və bu baxımdan Azərbaycan öz təcrübəsini də ortaya qoyacaqdır.
Bildiyiniz kimi, 20 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra edilmir və bu ədalətsizlik bu gün də davam edir. Bəzi hallarda qəbul edilmiş qətnamələr dərhal - saatlar içərisində icra edilməyə başlayır. Bizə gəldikdə isə, 20 ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq hüququn pozulmasıdır və böyük dövlətlərin beynəlxalq hüququn pozulmasına laqeyd münasibətinin təzahürüdür.
Biz çalışacağıq ki, bu ədalətsizliyə öz imkanlarımızla və bizi dəstəkləyən ölkələrin fəal iştirakı ilə son qoyaq. Beynəlxalq hüquq normaları bərpa edilməlidir. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ və ətraf bölgələr işğalçılardan azad edilməlidir. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir. Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcəkdir.
Bizim bu mötəbər quruma seçilməyimiz, eyni zamanda, ölkədə gedən proseslərin məntiqi nəticəsidir. Biz son illər ərzində uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla ölkənin dayanıqlı inkişafına nail ola bilmişik. Bu gün Azərbaycan ilə əməkdaşlıq etmək istəyən ölkələrin, dostlarımızın sayı sürətlə artır. Bizim başqa ölkələrdə diplomatik nümayəndəliklərimizin də sayı artmaqdadır. Yəni, Azərbaycan bu gün nəinki region işlərində, dünya miqyasında müstəqil siyasəti ilə seçilən ölkədir. Biz 20 ildir, sözün əsl mənasında, müstəqil həyat yaşayırıq" Prezident çıxışında söyləyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqının taleyi Azərbaycan xalqının əlindədir, xüsusilə, böyük dövlətlərin maraqlarının kəsişdiyi bir bölgədə müstəqil siyasət aparmaq böyük siyasi iradə, cəsarət və müdriklik tələb edir.

"Mən çox şadam ki, Azərbaycan xalqı həmişə olduğu kimi, özünə xas olan bu gözəl xüsusiyyətlərini ölkəmiz üçün ən çətin anlarda nümayiş etdirir. Biz bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcəyik. Bu gün qarşımızda bütün imkanlar, bütün üfüqlər açıqdır. Beynəlxalq mövqelərimiz möhkəmdir. Daxildə siyasət sabitdir, ictimai-siyasi vəziyyət çox yaxşıdır. Ölkədə böyük sosial proqramlar icra edilir. Bu proqramlar haqqında danışmaq üçün yəqin ki, bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq iki məqamı qeyd etmək istəyirəm. Keçən il 900 minə yaxın pensiyaçının orta pensiyası əhəmiyyətli dərəcədə, təqribən 40 faizə yaxın artırılmışdır. Bu gün Azərbaycanda orta pensiyanın səviyyəsi orta maaş səviyyəsinin 40 faizini təşkil edir. Bu, inkişaf etmiş ölkələr üçün xas olan nəticədir.
Bu yaxınlarda sovet dövrü əmanətlərinin qaytarılması ilə əlaqədar müvafiq Sərəncam imzalanmışdır. Bu da çox ciddi siyasi addımdır. Çünki müstəqil Azərbaycan dövləti keçmiş əmanətlərin qaytarılması işində hüquqi cəhətdən heç bir öhdəlik daşımır. Ancaq mən hesab etdim ki, bu, ədalətli olar və dövlət büdcəsində böyük məbləğ nəzərdə tutulur ki, biz gələn ilin sonuna qədər bütün əmanətlərin qaytarılmasına nail olaq. Bir daha demək istəyirəm ki, bu, çox ciddi sosial və siyasi addımdır və bizim nə qədər güclü sosial siyasət aparmağımızı əyani şəkildə göstərir.
Əlbəttə, biz nə sosial, nə xarici siyasət sahələrində uğurları güclü iqtisadi baza olmadan əldə edə bilməzdik. Məhz buna görə biz əsas istiqaməti bu sahəyə yönəltdik. Son 8 il ərzində iqtisadiyyatımız 3 dəfə, büdcəmiz təxminən 15 dəfə artmışdır. Bu gün biz güclü iqtisadiyyata malik olan ölkəyik. Bizim böyük valyuta ehtiyatlarımız vardır. Biz öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Əksinə, biz artıq yeni iqtisadi strategiyamızı icra edərkən xarici ölkələrə kreditlərin verilməsinə başlamışıq. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu, bizə gələcəkdə həm iqtisadi, həm də siyasi cəhətdən böyük iqtisadi və siyasi dividendlər gətirəcəkdir və artıq gətirir. Biz bu siyasəti davam etdirəcəyik, maliyyə resurslarımızı şaxələndirilmiş şəkildə lazım olan layihələrə istiqamətləndirəcəyik" Prezident nitqində qeyd edib.

İlham Əliyev vurğulayıb ki, iqtisadi sahədə əldə edilmiş nailiyyətlər bölgələrdə də öz təsirini göstərir.

"Hər bir bölgədə canlanma, inkişaf, quruculuq var, abadlıq işləri gedir. Bölgələr, rayonlar arasında sağlam rəqabət aparılır. Bu da məni çox sevindirir. Mən tez-tez bölgələrdə oluram və görürəm ki, hər bir yerdə quruculuq işlərinə böyük həvəs vardır. Hər bir rayonda sakinlər istəyirlər ki, onların şəhərləri, kəndləri daha da gözəl, daha da abad olsun.
Bir sözlə, ölkəmizdə ümumi ruh yüksəkliyi, ümumi quruculuq meyilləri çox güclüdür və bu, onu göstərir ki, Azərbaycan cəmiyyəti sağlam cəmiyyətdir. Bir daha demək istəyirəm ki, bu sağlamlığın əsas mənbəyi milli dəyərlərimizdir. Biz bu dəyərlərə sadiqik və daim bu dəyərləri uca tutacağıq. Eyni zamanda, müasir dünyaya inteqrasiyamız da çox uğurludur. Biz müstəqil dövlət kimi ümumi işlərə öz töhfəmizi veririk, regional proseslərdə fəal iştirak edirik.
Bu gün enerji, nəqliyyat layihələrinin icrasında Azərbaycan bölgədə söz sahibidir. Bizim təşəbbüsümüzlə icra edilən layihələr nəinki bölgə üçün, Avropa üçün, dünya üçün əhəmiyyətlidir. Biz bunu bilirik. Biz gücümüzü yaxşı bilirik. Bilirik ki, Azərbaycanın maraqlarını nəzərə almadan bölgədə heç bir təşəbbüs uğurla nəticələnə bilməz. Biz bu təşəbbüsləri enerji layihələrinin icrası ilə başlamışıq. Sonra isə bu, artıq nəqliyyat sektoruna təsirini göstərməyə başlamışdır. Nəticə etibarilə bu gün siyasi sahədə də istənilən təşəbbüs, bölgədə irəli sürülən təşəbbüs Azərbaycan ilə razılaşdırılmalıdır. Yaxın tarixin mənzərəsi mənim sözlərimi çox gözəl şəkildə təsdiqləyir.
Bizim siyasətimiz isə xoşniyyətlidir. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq əsasında münasibətləri qururuq. Bu, ədalətli və məntiqi mövqedir. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Əlbəttə, heç vaxt imkan verə bilmərik ki, kimsə bizim daxili işlərimizə qarışa bilsin. Baxmayaraq, belə cəhdlər vardır və istisna edilmir ki, bundan sonra da olacaqdır. Halbuki, Azərbaycanın uğurlu inkişafı və bizim güclü iradəmiz artıq bu səylərin səngiməsinə gətirib çıxarmalıdır. Ümid edirəm ki, belə də olacaqdır.
Hər halda seçdiyimiz yol inkişaf yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz. Heç bir qüvvə bizi seçdiyimiz yoldan çəkindirə bilməz. Çünki bu yol Azərbaycan xalqının rifahını təmin edən yoldur. Bu yol Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün seçilibdir. Bu yol tərəqqi, demokratiya yoludur. Ölkəmizin bu böhranlı illərdə uğurlu inkişafı bir daha onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur.
Bu gün keçmişdə bəzən bizə tövsiyələr verən beynəlxalq maliyyə qurumları da artıq razılaşmağa məcburdurlar ki, seçdiyimiz yol düzgün yoldur. Avropada böhran davam edir. İqtisadi-maliyyə böhranının ikinci dalğası yaşanır. Bəzi ölkələr defolt ərəfəsindədir. Bəzi ölkələrdə kredit reytinqləri əhəmiyyətli dərəcədə aşağı salınır. Amma Azərbaycanın kredit reytinqləri yüksəlir. Həmin reytinq agentlikləri Avropa ölkələrinin reytinqlərini aşağı salırlar, bizim reytinqlərimizi artırırlar. Bunu görməmək mümkün deyildir. Bəzi antiazərbaycan qüvvələri nə qədər çalışsalar da, bizdə gedən inkişafı görməmək, bunu inkar etmək mümkün deyildir.
Bu inkişaf həm statistikada, həm də abadlaşan şəhərlərdə, gözəlləşən rayonlarımızda və gözəlləşən Bakıda özünü göstərir. Bakı bizim paytaxtımızdır, Bakı bizim əziz şəhərimizdir. Hər bir azərbaycanlı üçün yaşadığı yerdən asılı olmayaraq, Bakı mərkəzdir. Bu gün Bakı, doğrudan da, paytaxt şəhərinə layiq olan bir şəhərdir. Bakının tarixi gözəlliyi bu gün müasir infrastruktur layihələrinin tamamlanması ilə zənginləşdirilir. Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişaf Proqramı keçən ildən icra edilir və əminəm ki, gələn il uğurla başa çatacaqdır. Bütün qəsəbələrdə sosial struktur layihələri icra ediləcəkdir. Bakı gözəlləşir, Bakıda bütün tarixi binalar bərpa edilir. Bakı bu gün parklar, bağlar, bağçalar şəhəridir. Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bu, reallıqdır" Prezident bildirib.

Dövlət başçısı deyib ki, şəhərimizin inkişafı ilə bağlı gələcək planlarımız vardır.

"İlk növbədə, biz tarixi keçmişimizə böyük hörmətlə və ehtiyatla yanaşmalıyıq. "İçərişəhər" Dövlət Qoruğu çox böyük həssaslıqla, ehtiyatla və məhəbbətlə, tarixilik gözlənilməklə yenidən bərpa edilir. Bütün dini abidələrimiz, məscidlərimiz, ictimai yerlər, küçələr abadlaşdırılır. Müasir Bakını təcəssüm etdirən bulvarımız genişləndirilir. Bulvarın tarixi uzunluğu 3,5 kilometr məsafəni əhatə edir. Yeni bulvar tikilir. Yeni bulvar yəqin ki, bir-iki aydan sonra artıq açılacaqdır. Yeni bulvarın uzunluğu 2 kilometrə yaxındır. Bu, gözəl bir bulvar olacaqdır. Yeni bulvardan sonra Dövlət Bayrağı Meydanı başlayır. Dövlət Bayrağı Meydanında tikilən dənizkənarı gəzinti yerləri, - əslində o da bulvarın davamıdır, - 7,5 kilometrdir. Yəni, biz tarixi bulvarımızı bir neçə dəfə artırırıq. Nəticə etibarilə bir-iki aydan sonra vətəndaşlarımız və şəhərimizin qonaqları təqribən 13-15 kilometr məsafədə bu bulvardan istifadə edəcəklər.
Bayraq Meydanında möhtəşəm abadlıq işləri aparılır və yaxın zamanlarda hər bir Azərbaycan vətəndaşı bu imkanlardan istifadə edəcəkdir. Orada indi son tamamlama işləri aparılır. Yeni parklar salınır. Şəhərimizin tarixini əks etdirən, paytaxtımızın rəmzlərindən biri olan funikulyor yenidən qurulur. Gözəl Xalça Muzeyi tikilir. "Bakı Venesiyası" yenidən qurulur və kanallar genişləndirilir. Əminəm ki, orada zövqoxşayan bir mənzərə yaranacaqdır. Parklar abadlaşır. Bütün parklarda quruculuq işləri aparılır. Bu yaxınlarda Koroğlu parkı yenidən qurulubdur. İndi Dədə Qorqud parkında böyük işlər gedir, süni göllər yaradılır.
Yəni, bütün bunları biz insanların rahat yaşaması üçün edirik. Bakıda işləmək və yaşamaq üçün bütün imkanlar vardır. Mən istəyirəm ki, Bakı dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilir. Əminəm ki, gün gələcək və biz deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir. Belə də olmalıdır. Azərbaycan vətəndaşları ən gözəl şəraitdə yaşamalıdırlar. Həm böyük şəhərlərdə, həm kəndlərdə. Hər bir kənd üçün indi konkret proqramlar var və onlar icra edilir.
Əziz dostlar, bu gözəl bayram günlərində hava da bizimlə həmrəydir. Bu qış çox sərt keçmişdir və mən şəxsən xatırlamıram ki, Xəzər dənizi nə vaxtsa donsun. İndi məndən yaşda daha da böyük olanlar xatırlayırlar ki, 1953-cü ildə Xəzər dənizi donmuşdur. Yəni, bu, fövqəladə bir hal idi və biz hamımız səbirsizliklə bu gözəl günəşli günləri gözləyirdik. Bu da çox rəmzi xarakter daşıyır ki, məhz bayram günündə Günəş də bizimlə bərabərdir. Mən arzu edirəm ki, bundan sonra bütün dövrlərdə daim Azərbaycan səmasında Günəş saçsın! Daim bizim yolumuzu Günəş işıqlandırsın. Çünki bizim yolumuz haqq yoludur, ədalət yoludur, inkişaf yoludur.
Bir daha sizi və bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına cansağlığı və uğurlar arzulayıram" İlham Əliyev çıxışının sonunda deyib.

Sonra Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər.
Dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Azərbaycanın müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları maraqla qarşılandı. Prezident İlham Əliyev və Mehriban Əliyeva aşıqların, muğam ifaçılarının çıxışlarını dinlədilər.

Milli Parkda təşkil edilən "Şərq bazarı" bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrində hazırlanmış sənətkarlıq nümunələri nümayiş olunurdu.
Dövlətimizin başçısına və xanımına hədiyyələr təqdim edildi.

Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.
Dövlətimizin başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular.

Azərbaycan Prezidenti və xanımı burada bişirilən plovun dadına baxdılar. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bayram şirniyyatları ilə çay içdilər.
Dövlətimizin başçısı və xanımı, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa etdilər.

İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar, nağaraçılar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirirdilər.
Milli parkda təşkil edilmiş "Şərq bazarı"nda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən və istehsal olunan ərzaq məhsulları da sərgilənmişdi. Bu sərgi bir daha təsdiqləyir ki, Azərbaycan Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlar uğurla yerinə yetirilir.

Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pəhləvanlar və güləşçilərlə xatirə şəkli çəkdirdilər.
Bahar qız Prezident İlham Əliyevə və Mehriban xanıma bayram xonçası təqdim etdi.
Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurdu.

Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı Prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edildi.
Dövlətimizin başçısına çempionatın oyunlarına bilet satışı barədə də məlumat verildi. Bildirildi ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaqdır.

Azərbaycan Prezidenti və xanımı 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzaladılar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkdan şəhərin mənzərəsini seyr etdilər.

Dövlətimizin başçısı onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə axşamdan xeyli keçənədək davam etdi.

Xatırladaq ki, Azərbaycan xalqının ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 19-da Bakıda ümumxalq şənliyi keçirilmişdir. Qədim Qız qalasının qarşısındakı meydan yenə də izdihamlı idi. Ətrafdakı binalar al-əlvan plakatlarla bəzədilmişdi. Meydanda Novruzun rəmzi olan nəhəng səməni də var idi.

Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona Novruzu unutdura bilməmişdir. O, ən çətin zamanlarda belə öz bayramını qoruyub yaşatmış, milli adət-ənənələrini unutmamış, onları bu günümüzə gətirib çatdırmışdır.

Hələ respublikamıza rəhbərliyinin birinci dövründə - ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruzun qədim köklərə malik olduğunu, xalqımızın qəlbində əbədi yaşadığını vurğulayan ulu öndər Heydər Əliyev bu bayramı imperiyanın sərt rejimi dövründə respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımız nəcib adətlərin, milli dəyərlərin, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlamışdır. Novruz çətinliklərdən keçərək öz haqqına qovuşdu. Novruza ümumxalq mahiyyəti verən Heydər Əliyev bayramlarda xalqla bir yerdə olur, insanları təbrik edir, ona milli birlik və həmrəylik tövsiyə edirdi. Novruzu xalqımızın əziz bayramı kimi səciyyələndirən Heydər Əliyev bu xidməti ilə də xalqın qədim adət-ənənələrinə son dərəcə bağlılığını göstərmişdir.

Təbiətlə əlaqədar olan bu gözəl bayramımızın indi dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. "Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır", - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd etmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan etmişdir. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilmişdir.

İndi Azərbaycan Novruzu yeni siması ilə qarşılayır. Paytaxtımızın və bölgələrimizin abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir. Bu işlərin qədimliyi, tarixiliyi qorumaq, müasir standartlar tətbiq etməklə aparılması ölkədə tarixi keçmişimizə diqqətdən xəbər verir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Qız qalasının qarşısındakı meydana gəldilər.
Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə və xanımına bayram xonçası təqdim etdilər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
Loading Bars
Xəbər lenti
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
Bütün xəbərlər