...

Mahmud Əhmədinejad: İran Fars körfəzindən mərkəzi şəhərlərə su kanalının çəkilişi layihəsini də həyata keçirəcək

Siyasət Materials 16 Aprel 2012 15:05 (UTC +04:00)
İranın cənubundan (Fars körfəzi sahillərindən) mərkəzi şəhərlərə su kanalının çəkilişi layihəsinə yaxın gələcəkdə start veriləcək.
Mahmud Əhmədinejad: İran Fars körfəzindən mərkəzi şəhərlərə su kanalının çəkilişi layihəsini də həyata keçirəcək

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir T.Cəfərov/

İranın cənubundan (Fars körfəzi sahillərindən) mərkəzi şəhərlərə su kanalının çəkilişi layihəsinə yaxın gələcəkdə start veriləcək. Bunu İran Prezidenti Mahmud Əhmədinejad bu gün Xəzər dənizindən quraq zonalarda yerləşən mərkəzi şəhərlərə su kanalının çəkilməsi üzrə layihənin təməlqoyma mərasimində çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Əhmədinejad İranda son illər ərzində yağıntıların az olduğunu və quraqlığın artdığını deyib. İran Prezidenti bildirib ki, vəziyyət bu cür davam edərsə, 50 ilədək ölkədə meşələrdən əsər-əlamət qalmayacaq.

Əhmədinejad ölkəsinin su istehlakının optimallaşdırılması və sərhəd sularından düzgün istifadə istiqamətində geniş layihələr həyata keçirəcəyini deyib.

O, həmçinin Tacikistandan İranın Xorasan əyalətini su ilə təmin etmək üçün boru kəmərinin tikiləcəyini də qeyd edib.

Bu gün səhər İran Prezidenti Mahmud Əhmədinejad Xəzər dənizindən Simnan, Yəzd, Kirman ostanlarına su kanalının çəkilməsi üzrə layihənin təməlqoyma mərasimində iştirak etmək üçün Mazandaran əyalətinə səfər edib.

Layihə 500 milyon kubmetr suyun mərkəzi şəhərlərə ötürülməsini nəzərdə tutur. Məlumata əsasən, layihənin icrası üçün 10 milyard dollara yaxın sərmayə yatırılması planlaşdırılır.

Layihəyə əsasən, ilk növbədə Xəzərin suyunun şirinləşdirilməsi məqsədi ilə istehsal gücü 200 milyon kubmetr olan zavod tikiləcək. Daha sonra boru kəməri vasitəsi ilə Xəzər suyunun şirinləşdirilərək Simnan, Qum, İsfahan əyalətlərinə ötürülməsi nəzərdə tutulur.

Məlumata əsasən, layihə çərçivəsində su elektrik stansiyasının tikilməsi, suyun şirinləşdirilməsi üçün zavodun inşası, su nasos stansiyaları, elektrik enerjisi ötürücüsü xətləri, su ötürücü borular və suyun saxlanması rezervuarlarının tikilməsi nəzərdə tutulub.

Layihənin icrasını İran İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") tikinti işləri ilə məşğul olan Xatəmul-Ənbiya Qərargahı öhdəsinə götürüb.

Xəbər lenti

Xəbər lenti