...

Prezident İlham Əliyev Sumqayıtda bir sıra zavodların açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 24 Aprel 2012 17:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş Azgüntex zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev Sumqayıtda bir sıra zavodların açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:15-də yayılıb)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş Azgüntex zavodunun açılışında iştirak edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov Prezident İlham Əliyevə məlumat verdi ki, Azgüntex zavodunda iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcək. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan Günəş modulları xətti istifadəyə tam hazırdır.

Dövlətimizin başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsdi və müəssisənin altımərtəbəli inzibati binası ilə tanış oldu.

Bildirildi ki, inzibati bina bütün lazımi avadanlıq və inventarlarla təchiz olunub. Burada işçilərin səmərəli fəaliyyəti üçün hər cür imkan var. Zavod tam kompüterləşdirilib, "Wi-Fi" şəbəkəsi yaradılıb. İşçilərin istirahəti üçün ayrıca sağlamlıq zalı da fəaliyyət göstərir.

Prezident İlham Əliyev inzibati binada ölkəmizdə alternativ və bərpa olunan enerji siyasətindən bəhs edən filmi izlədi.

Dövlətimizin başçısı binanın foyesində Azgüntex zavodunda hazırlanan günəş panellərinin nümunələrinə baxdı. Bildirildi ki, müəssisədə hər birinin gücü 42 vattdan 250 vatta qədər olan və 60 fotoelementlə təchiz edilən bu panellər beynəlxalq standartlar səviyyəsində hazırlanacaq və sabit enerji verəcək. Yaşayış binalarının, küçələrin, meydanların, müxtəlif iaşə və sosial obyektlərin daha səmərəli işıqlandırılması və enerji təminatının yaxşılaşdırılması üçün zavodda LED yüksək texnologiyalı lampaların istehsalı da nəzərdə tutulub.

Prezident İlham Əliyevə "min ev - min elektrostansiya" layihəsi barədə də məlumat verildi. Qeyd olundu ki, əsasən yaşayış binaları üçün nəzərdə tutulan bu layihə hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən, ekoloji cəhətdən təmiz və təhlükəsiz kiçik elektrik stansiyası ilə təchizinə yönəlib. Bu elektrostansiyalardakı günəş panelləri vasitəsilə əldə olunan sabit enerji dəyişən enerjiyə çevrilərək istehlakçıların istifadəsinə veriləcək. Artıq qalan enerji şəbəkəyə ötürüləcək, gecə saatlarında isə şəbəkədən alınacaq. İlk mərhələdə yığcam şəkildə salınan qəsəbələr üçün nəzərdə tutulan bu layihənin gələcəkdə daha da genişləndirilməsi imkanları böyükdür. Körpülərin, ticarət obyektlərinin üzərində də günəş panellərinin qurulması, enerjidoldurma məntəqələrinin inşası da mühüm əhəmiyyət kəsb edən layihələrdəndir.

Dövlətimizin başçısı inzibati binadan Sumqayıt Yüksək Texnologiyalar Parkının yaradılacağı ərazini seyr etdi.

Sonra Prezident İlham Əliyev zavodun Günəş modulları istehsalı xətti ilə tanış oldu. Bildirildi ki, hazırda müəssisədə bir növbədə 33 nəfər işləyir. Üçnövbəli iş rejiminə keçdikdən sonra işçilərin sayı 130 nəfərə çatdırılacaq. Alternativ və bərpa olunan enerji sahəsində dünyanın məşhur şirkətlərinin istehsal etdikləri ən müasir texnologiyalarla təmin olunan zavodda ekoloji normalara ciddi əməl edilir. Burada işçilərin sağlam və təhlükəsiz fəaliyyəti üçün yüksək şərait yaradılıb.

Azərbaycan Prezidenti zavodu işə saldı və istehsal prosesini izlədi.

Diqqətə çatdırıldı ki, Günəş panellərinin istehsal olunduğu texnoloji xətdə proses tam şəkildə avtomatlaşdırılıb. Zavodda ilkin mərhələdə il ərzində 120 min, gələcəkdə isə 240 min Günəş paneli istehsal olunacaq. Hazırda avadanlığın quraşdırıldığı LED lampaları istehsalı sahəsi istismara verildikdən sonra burada ildə 36 milyon LED çipi və 12 milyon LED lampası hazırlanacaq.

Sonra Prezident İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkının layihəsi ilə tanış oldu.

Məlumat verildi ki, ümumilikdə parkın ərazisində alternativ və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyasına əsaslanan 15 zavodun inşası planlaşdırılır. Parkın ərazisində yaradılacaq optik linzalar, şüşə və bazalt liflər, akkumulyator istehsalı və digər zavodlar alternativ enerjinin əldə edilməsində və istifadəsində lazım olan avadanlığın ölkəmizdə istehsalına şərait yaradacaq. Bu, həm tələb olunan avadanlığın daha ucuz başa gəlməsinə, həm də onların tətbiqinin xeyli asanlaşmasına imkan verəcək. Alternativ enerjinin tətbiqi zamanı istifadə olunan əsas materiallardan biri də LED lampalarıdır. Hazırda sürətlə yayılan və yeni nəsil işıqlandırma sistemi hesab olunan LED lampaları enerjiyə qənaəti və uzun müddət istifadəyə yararlılığı ilə seçilir. Bu məqsədlə parkın ərazisində lampa zavodunun inşası da nəzərdə tutulur.

Dövlətimizin başçısına Sumqayıt məişət tullantıları emalı zavodunun layihəsi barədə də məlumat verildi. Bildirildi ki, zavodun illik emal gücü 146 min ton olacaq.

Prezident İlham Əliyev Azgüntex zavodunun kollektivinə uğurlar arzuladı.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Sumqayıt Texnologiyalar Parkında (STP) polimer məhsulları istehsal zavodunun genişləndirilməsi işləri ilə tanış olub, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, 17 zavoddan ibarət olan STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yeri açılıb. Prezident İlham Əliyevə STP kabel zavodunun tikintisinin üçüncü mərhələsi çərçivəsində yüksək gərginlikli kabellərin izolyasiya xətlərinin quraşdırılacağı qüllə barədə məlumat verildi. Bildirildi ki, burada 500 kilovoltluq güc kabellərinin iki izolyasiya xətti yerləşəcək. Bu layihə MDB məkanı və Yaxın Şərqdə yalnız Azərbaycanda reallaşdırılır. Qüllənin yeraltı hissəsi 40 metr dərinlikdədir. Ümumi uzunluğu 124,5 metr olan qüllənin tikintisinə 2009-cu ilin sonunda başlanıb. Tikinti işləri və avadanlığın quraşdırılması 2012-ci ilin sonunadək başa çatdırılacaq.

Prezident İlham Əliyev avtobusla STP-nin ərazisini gəzdi. Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması məqsədi ilə park ölkəmizin sənaye nəhənglərindən birinə çevrilməkdədir.

Dövlətimizin başçısı polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işlərindən sonrakı vəziyyəti ilə tanış oldu.

Bildirildi ki, 2009-cu ildə zavod istehsala başlayan zaman burada cəmi beş xətt var idi. Genişləndirmə işlərindən sonra bu xətlərin sayı artırılaraq, ümumilikdə 25-ə çatdırılıb. Müxtəlif təyinatlı boruların istehsalı üzrə ixtisaslaşan zavod hazırda nəinki respublikamızın, o cümlədən regionun ən perspektivli müəssisələrindəndir. Peşəkar kadrların çalışdığı bu müəssisədə ölkəmizdə və beynəlxalq bazarda kəskin ehtiyac duyulan qaz, su, kanalizasiya və digər məqsədlər üçün istifadə olunan alüminium təbəqəli çoxqatlı polietilen və polipropilen borular istehsal edilir.

Qeyd edildi ki, zavodun ümumi ərazisi 2,8 hektardır. Hazırda burada 400 nəfər işlə təmin edilib. Zavod sutkada 396 ton polietilen boru istehsal etmək gücünə malikdir. Burada quraşdırılan yeni xətlərdə diametri 16 millimetrdən 800 millimetrədək olan borular istehsal etmək mümkündür. Zavodun məhsulları müasir tələblərə cavab verir. Polietilen borular yüksək təzyiqə davamlı olmaqla yanaşı, korroziyaya uğramır və onlara 50 il zəmanət verilir. Buradakı xətlərin hər biri saatda 1300 kiloqram polietilen boru emal etmək gücünə malikdir. Zavodda diametri 50 millimetrdən 250 millimetrədək olmaqla istehsal edilən drenaj boruları, həmçinin qızdırıcı xətlərin çəkilməsi üçün nəzərdə tutulan polipropilen borular da ən müasir tələblərə uyğun şəkildə, yüksək keyfiyyətlə istehsal olunur.

Diqqətə çatdırıldı ki, zavodda Almaniya istehsalı olan və ən son texnoloji yeniliklərə cavab verən avadanlıq quraşdırılıb. Bunun sayəsində müəssisədə yüksək keyfiyyətli və rəqabətə davamlı məhsul istehsal edilir. MDB-də bənzəri olmayan bu zavod daxili tələbatı tam ödəməklə yanaşı, məhsullarını bir sıra xarici ölkələrə də ixrac etməyi nəzərdə tutur. Müəssisənin idarə edilməsi tam avtomatlaşdırılıb. Gələcəkdə zavodun fəaliyyəti daha da genişləndiriləcək. Yaxın günlərdə burada diametri 1200 millimetr olan kanalizasiya borularının istehsalına da başlanılacaq. Xammalı Almaniyadan alan zavod polipropilendən stadionlar üçün tamaşaçı oturacaqları və xüsusi sifarişlə bir sıra digər məhsullar istehsal etmək imkanına malikdir. Müəssisənin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Prezidenti STP-nin ağır maşınqayırma zavodunun açılışında da iştirak edib.

Diqqətə çatdırıldı ki, tikintisinə 2010-cu ildə başlanan müəssisə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Ümumi sahəsi 4,5 hektar olan zavodda dünyanın bir sıra aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Zavodda 900 nəfər işlə təmin olunub.

Müəssisədə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada elektrik stansiyalarının inşası üçün metal konstruksiyalar və müxtəlif hissələr istehsal edilir. Zavodda, həmçinin 10, 110, 220 və 330 kilovoltluq elektrik ötürücü xətlərin dayaqları hazırlanır. Burada, həmçinin energetika avadanlığının təmiri həyata keçiriləcək.

Qeyd edildi ki, zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xarici bazarlara çıxarmağı da planlaşdırır.

STP-nin dəqiq emal mərkəzləri zavodunun açılışında da iştirak edən Prezident İlham Əliyevə məlumat verildi ki, müəssisə maşın və mexanizmlərin işlək detallarının dəqiq emalı və hazırlanması sexindən və bu sexin tərkibində olan pəstah, xüsusi təyinatlı avadanlığın işlək hissələrinin emalından və avadanlığın işlək detallarının dəqiq emalı sahələrindən ibarətdir. Pəstah sahəsində detalların hazırlanması üçün lazım olan materiallar universal frez və torna dəzgahları vasitəsilə müvafiq ölçülərə gətirilir. Xüsusi təyinatlı avadanlığın işlək hissələrinin emalı sahəsində isə hidroturbin, alternativ enerji qurğularının hissələri yüksək dəqiqliklə və keyfiyyətlə istehsal olunur. Avadanlığın işlək detallarının dəqiq emalı sahəsində müxtəlif ölçülü valların, reduktor hissələrinin hazırlanması həyata keçirilir. Zavoddakı bütün "CNC" markalı torna və frez dəzgahları Yaponiya istehsalıdır. Bu avadanlıq əslində yüksək dəqiqliyə malik üç, dörd və beş oxlu emal mərkəzləridir. Mükəmməl kompüter proqramları ilə təchiz olunmuş bu dəzgahlar eyni anda bir neçə əməliyyatı həyata keçirməyə imkan verir.

Bildirildi ki, zavodda dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin istehsal etdiyi 58 dəzgah quraşdırılıb. Bu dəzgahlarda energetika, maşınqayırma və neft sənayesi sektoruna aid bir çox detalların emalı mümkündür. Burada, həmçinin plastik injektorlu qəliblərin, ştampların layihələndirilməsi, hissələrin emalı, yığımı yerinə yetirilir. Zavodda kabel istehsalı üçün müxtəlif ölçülü kalibrlər, matrisa və s. istehsal olunur. Müəssisədə, həmçinin STP-nin polimer məhsulları istehsalı və kabel zavodları üçün də müxtəlif ölçülü detallar hazırlanır. Zavod İsveçrə, İsveç və Almaniyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir. Gələcəkdə fəaliyyətini genişləndirəcək bu müəssisənin işçiləri bir sıra ölkələrdə ixtisasartırma kurslarında iştirak edirlər. Daxili bazardakı tələbatı ödəyən zavod məhsullarını xarici ölkələrə də ixrac edəcək.

Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti