Rusiya, Taqanroq, 9 may /Trend, xüsusi müxbir M.Əliyev/
Mayın 9-da Taqanroqda bu şəhərin alman faşistlərdən azad edilməsində qəhrəmanlıqla həlak olmuş əsgərlərin, o cümlədən, əsasən azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılışı olub.
Trend-in məlumatına görə, mərasimdə çıxış edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Böyük Vətən müharibəsi illərində Taqanroqda azərbaycanlı əsgərlərin göstərdiyi rəşadətdən danışıb.
Rusiya Federasiyasının Rostov vilayətinin qubernatorunun müavini İqor Quskov qeyd edib ki, abidə kompleksi Azərbaycanın maliyyə yardımı sayəsində əsaslı təmir olunub.
Açılış mərasimində, həmçinin Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Kazakları icmasının, Respublika Veteranlar Şurasının nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, ictimai xadimlər, Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Taqanroqdakı abidə kompleksi 1980-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə açılıb.