Azərbaycan, Bakı, 15 may /Trend/
Bazar ertəsi "28 May - Respublika Günü" münasibətilə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən ziyafət təşkil olunmuşdur. Ziyafət Kanadanın paytaxtı olan Ottava şəhərində yerləşən "Westin" mehmanxanasında təşkil olunmuşdur.
Trend-in Azərbaycanın Kanadadakı səfirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən, bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Asəf Hacıyev və Mübariz Qurbanlı da ziyafətdə iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, Azərbaycan-Kanada ikitərəfli iqtisadi-siyasi münasibətləri haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikası Milli Məclisin deputatı Asəf Hacıyev müstəqillik tariximiz, Azərbaycan-Kanada parlamentlərarası münasibətlərin əhəmiyyəti haqqında çıxış etmişdir.