...

Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Çində səfərdə olub

Siyasət Materials 18 May 2012 15:48 (UTC +04:00)
Çinin Honq Konq şəhərində Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (ICAC) təşkilatçılığı ilə "Mövcud çətinliklərə yeni yanaşmalar: Dəyişən dünyada korrupsiya əleyhinə mübarizə" mövzusunda 5-ci simpozium keçirilib.
Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Çində səfərdə olub

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/

Çinin Honq Konq şəhərində Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (ICAC) təşkilatçılığı ilə "Mövcud çətinliklərə yeni yanaşmalar: Dəyişən dünyada korrupsiya əleyhinə mübarizə" mövzusunda 5-ci simpozium keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri ICAC-ın Honq Konq şəhəri üzrə nümayəndəsi Timoti Tonq açaraq dünya dövlətlərinin korrupsiyaya qarşı mübarizədə gündən-günə artan əməkdaşlığının əhəmiyyətini və bu sahədə müasir mübarizə metod və vasitələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırıb.

Daha sonra Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti Eduardo Vetere, Çinin Baş prokurorunun müavini xanım Hu Zeyun, Beynəlxalq Antikorrupsiya Akademiyasının keçid qrupunun rəhbəri Martin Kreutner, Dünya Bankının vitse-prezidenti Leonard Makkarti, Böyük Britaniya Krallığının Ağır Dələduzluqlar Əleyhinə Ofisin sabiq direktoru Riçard Alderman və başqaları çıxış edərək qloballaşma dövründə dövlətlərin hüquq mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səviyyədə əməkdaşlığının və qarşılıqlı əlaqələrinin təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsinin zəruriliyini bildiriblər.

Simpoziumda iştirak edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev tədbir iştirakçılarına məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, korrupsiya hüquqpozmaları ilə bağlı cinayətlər üzrə ibtidai istintaq sahəsində ixtisaslaşmış antikorrupsiya orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması barədə ətraflı məlumat verib.

Bildirilib ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə qoşulub, o cümlədən Avropa Şurasının Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında, BMT-nin Korrupsiya əleyhinə konvensiyalarının ölkə qanunvericiliyinə implementasiyası həyata keçirilib, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılaraq korrupsiyaya qarşı mübarizə sahəsində ölkə qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılıb.

Əliyev korrupsiyaya qarşı mübarizənin daha ciddi və effektiv aparılması məqsədilə son dövrlər qanunvericilik aktlarının təkmilləşdirilməsi və praktiki tədbirlərin həyata keçirilməsi, o cümlədən idarənin səlahiyyətlərinin artırılması və strukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları qarşısında konkret istiqamətlərin müəyyənləşdirilməsi və həyata keçirilən kəsərli tədbirlər barədə ətraflı informasiya verib.

Tədbirdə, həmçinin iştirakçı ölkələrin hüquq mühafizə orqanları arasındakı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və qarşıda duran perspektivlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti