Azərbaycan, Bakı, 25 may /Trend/
Çin Xalq Respublikasının Sədri Hu Szintao və Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
"Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Çin Xalq Respublikası hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alilərinə, Azərbaycan hökuməti və dost xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.
Müstəqilliyin 20 ili ərzində Azərbaycan ümummilli lider Heydər Əliyevin və Zati-alilərinizin rəhbərliyi altında dövlət quruculuğunda böyük uğurlar əldə etmişdir. Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitliyi, iqtisadiyyatın dinamik inkişafını, xalqınızın firavan yaşayışını və respublikanızın beynəlxalq statusunun daim yüksəlməsini müşahidə etmək bizi çox sevindirir. Əminəm ki, Zati-alilərinizin rəhbərliyi altında Azərbaycan xalqı öz ölkəsinin inkişafı yolunda daim yeni-yeni uğurlar əldə edəcəkdir", - Çin Xalq Respublikasının Sədri Hu Szintaonun təbrik məktubunda deyilir.
Qeyd olunur ki, Azərbaycan Çinin səmimi dostu və tərəfdaşıdır. Çin Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
"Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 ili ərzində Çin-Azərbaycan münasibətlərində böyük irəliləyişə nail olunmuşdur. Hər iki tərəf yüksək səviyyədə sıx əlaqələr saxlayır, qarşılıqlı anlaşma və etimad daim möhkəmlənir, bütün sahələrdə işgüzar əməkdaşlıq addım-addım genişlənir, humanitar mübadilələr fəallaşır. Ölkələrimiz BMT və digər beynəlxalq qurumlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Diplomatik münasibətlərin qurulmasının 20 illik yubileyindən istifadə edərək bildirirəm ki, Çin tərəfi gələcəkdə də Azərbaycan ilə siyasi etimadı möhkəmləndirməyə, ticari-iqtisadi və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, Çin-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərini daha da irəli aparmağa hazırdır. Ölkənizə tərəqqi, xalqınıza xoşbəxtlik diləyir, Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram", - təbrikdə bildirilir.
"Sizi Milli bayramınız - Respublika Günü münasibətilə təbrik etməkdən, Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimi, əmin-amanlıq və firavan gələcək üçün ən yaxşı arzularımı çatdırmaqdan dərin məmnunluq duyuram", - Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin təbrik məktubunda deyilir.